Fransa nəşri: Avropa Parlamentinə seçkilərin nəticələri Makron üçün təhqiramizdir...

Sağçı “Milli Birlik” partiyasına seçici dəstəyinin iki qat artması digər siyasi qüvvələrdə çaşqınlıq yaradıb...

Fransa Prezidenti Emmanuel Makronun Milli Assambleyanı buraxmaq və növbədənkənar seçkilər təyin etmək qərarı onun “İntibah” partiyasının Avropa Parlamenti seçkilərində radikal sağdan alçaldıcı məğlubiyyət almasından sonra ölkə üçün siyasi zəlzələ oldu.

Poliqon xəbər verir ki, bu barədə Fransanın aparıcı nəşrlərindən olan “Le Monde” qəzeti yazıb.

Nəşr qeyd edir ki, ifrat sağçı “Milli Birlik” partiyasına seçici dəstəyinin iki qat artması digər siyasi qüvvələrdə çaşqınlıq yaradıb və Paris Olimpiadasına az qalmış Fransa prezidentinin qərarı “zərlərin yenidən atılması” kimi dəyərləndirilir.

“Nəticə, 2017-ci ildə hakimiyyətə gələn Fransanın avrofil prezidentinə kəskin töhmət oldu. Çünki həmin vaxt Makron artıq fransız seçicilərinin ifrat sağçı partiyalara səs vermək üçün əsaslarının qalmayacağını vəd etmişdi”, deyə “Le Monde” yazır və qeyd edir ki, seçkinin nəticələri Makron üçün təhqiramiz nəticədir.

Bundan əlavə, qeyd edilir ki, Makronun məğlubiyyəti altı aydan az əvvəl “Makronun ikinci prezidentlik müddətinə yeni nəfəs vermək” üçün təyin edilmiş Baş nazir Qabriel Attal üçün “sarsıdıcı zərbə” olub.

Qeyd edək ki, seçkilərin ilikin nəticələrinin açıqlamasından həmən sonra “Milli Birlik” partiyasının lideri Marin Le Pen Fransanı idarə etməyə hazır olduqlarını açıqlayıb.

Siyasətçi həmçinin dövlət başçısı Emmanuel Makronun parlamentin buraxılması və ölkədə növbədənkənar seçkilərin təyin edilməsi barədə qərarını alqışlayıb.

Poliqon.info