Şolts terror təhlükəsi yaradan miqrantların Əfqanıstan və Suriyaya deportasiyasını istəyir

Bundestaqda çıxış edən Almaniya kansleri Olaf Şolts miqrasiya siyasətində kursun dəyişdiyini açıqlayıb...    

Poliqon xəbər verir ki, onun çıxışı bir həftə əvvəl baş vermiş hadisələrə həsr olunub: Mannheim şəhərinin mərkəzində əfqan miqrant polisi bıçaqlayıb və bir neçə nəfəri yaralayıb.

"Kimsə bizimlə birlikdə müdafiə axtararkən ən ağır cinayətləri törədəndə qəzəblənirəm. Belə cinayətkarlar Suriyadan və ya Əfqanıstandan gəlsələr belə, deportasiya edilməlidirlər", deyə Şolts bildirib.

2021-ci ildə Taliban ölkədə hakimiyyəti ələ keçirdikdən sonra hakim koalisiya Əfqanıstana deportasiyanı dayandırıb. Ancaq indi vəziyyət dəyişməlidir.

"Terror təhlükəsi yaradan cinayətkarlara burada yer yoxdur. Belə hallarda Almaniyanın təhlükəsizlik maraqları cinayətkarın müdafiə maraqlarını üstələyir", deyə kansler əlavə edib.

Şolts indi Xarici İşlər Nazirliyinin Əfqanıstandakı vəziyyətlə bağlı hesabata düzəlişlər etməsini gözləyir ki, deportasiya qanuni olaraq mümkün olsun. 

"Bild"in məlumatına görə, kanslerin Bundestaqdakı bəyanatları əvvəllər hökumətdə Yaşıllar və FDP ilə müzakirə olunub, lakin onların daha sərt miqrasiya siyasətini dəstəkləyib-dəstəkləməyəcəyi hələlik bəlli deyil.

"Biz artıq terror cinayətlərinin təriflənməsinə və qeyd olunmasına dözməyəcəyik. Buna görə də biz qaydaları sərtləşdirəcəyik ki, terror cinayətlərinə göz yummaq da deportasiya üçün ciddi səbəb olsun", deyə Şolts bildirib.

Poliqon.info