AK Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamağı tövsiyyə edəcək

Avropa Komissiyası (AK) Ukrayna ilə bu ay Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamağı tövsiyə etmək niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadən yazıb.

Qəzetin yazdığına görə, bu yolla AK Macarıstanın Aİ-yə sədrliyi başlamazdan əvvəl Ukraynaya dəstəyini nümayiş etdirmək niyyətindədir.

FT həmsöhbətlərinin sözlərinə görə, bu gün, iyunun 7-də AK Ukraynanın Aİ-yə daxil olmaq üçün zəruri olan meyarlara, o cümlədən korrupsiyaya qarşı mübarizə tədbirləri, siyasi lobbiçiliyə məhdudiyyətlər, məmurların əmlakının bəyan edilməsi qaydaları, milli azlıqların və dillərin qorunmasına cavab verdiyini elan edəcək. 

FT qeyd edir ki, Ukrayna 2022-ci il fevralın 28-də - Rusiya qoşunlarının ölkəyə daxil olmasından bir neçə gün sonra Aİ-yə üzvlük üçün müraciət edib. Ukraynaya namizəd statusunun verilməsi məsələsinə rekord müddətdə baxılıb, həmin ilin iyununda qərar qəbul edilib. Qəzet yazır ki, məhz Ukraynada hərbi əməliyyatların başlanması Avropa İttifaqının genişlənməsi prosesini sürətləndirib.

FT-nin məlumatına görə, bu gün, iyunun 7-də Avropa Komissiyası 2022-ci ilin martında ərizəsini təqdim edən Moldovaya münasibətdə Aİ-yə daxil olmaq üçün analoji tövsiyə təqdim edəcək. Eyni zamanda, Avropa İttifaqı xarici agentlərlə bağlı qəbul etdiyi qanuna görə Gürcüstanın üzvlük məsələsinə toxunmayacaq. Gürcüstan Aİ-yə üzvlük üçün ərizəni Moldova ilə eyni gündə təqdim edib.

FT həmsöhbətlərinin qeyd etdiyi kimi, Ukraynanın qəbulu prosesini davam etdirmək üçün Avropa Komissiyası Aİ üzv dövlətlərinin yekdil dəstəyini təmin etməlidir. Eyni zamanda, Macarıstanın Ukraynadakı macar azlığının vəziyyəti ilə bağlı problemə etiraz edəcəyi və yada salacağı gözlənilir. Buna görə də, AK Macarıstanın sədrliyi başlamazdan əvvəl Ukraynanın üzvlüklə bağlı danışıqlara başlayacağını gözləyir. 

Nəşrin həmsöhbətlərinin fikrincə, danışıqların birinci raundu iyunun 25-də baş tuta bilər. Macarıstan iyulun 1-dən başlayaraq altı ay müddətinə Aİ Şurasına sədrlik edəcək.

Poliqon.info