Putinin Qərb təhdid mesajı: Rusiya Qərb ölkələrini vurmaq üçün kimlərə silah verəcək?..

Rusiya prezidenti bildirib ki, Qərb öz silahları ilə Ukraynaya Rusiya ərazilərini vurmağa icazə verirsə, o zaman Rusiya da öz uzaq mənzilli silahlarını Qərb ölkələrinin düşmənlərinə verəcək...

Politoloq: “Mən düşünmürəm ki, Putin Yəmən husiləri, “Hizbullah” kimi təşkilatlara uzaq mənzilli dağıdıcı raketlər verə bilər”.

“Rusiya NATO silahlarının Ukraynaya gətirilməməsi üçün başqa formada müqavimət göstərə bilər”.

Bu sözləri politoloq İlqar Vəlizadə Rusiya prezidentinin Qərbi hədələməsini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya prezidenti Vladimir Putin dünən bildirib ki, Qərb öz silahları ilə Ukraynaya Rusiya ərazilərini vurmağa icazə verirsə, o zaman Rusiya da öz uzaq mənzilli silahlarını Qərb ölkələrinin düşmənlərinə verəcək.

Qeyd edək ki, dünən müvafiq sualı cavablandıran Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Moskva Qərbə qarşı hansı ölkələrə və regiona silah verəcəyini müzakirə edib və Putinin söylədikləri yaxın zamanda reallaşacaq.

Burada faktiki olaraq söhbət uzaq mənzilli dağıdıcı raketlərin Yəmən husiləri, “Hizbullah” kimi təşkilatlara verilməsindən söhbət gedə bilərmi və Putinin bu təhdidi nə qədər ciddi qəbul oluna bilər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Rusiya uzaq mənzilli raketləri Ukraynaya çathaçatda vuraraq məhv edə bilər”.

Rusiyanın başqa formada müqavimət göstərmək imkanlarının olduğunu vurğulayan politoloq qeyd edib ki, hər şey hadisələrin gedişatından asılıdır:

“Mən düşünmürəm ki, Putin Yəmən husiləri, “Hizbullah” kimi təşkilatlara uzaq mənzilli dağıdıcı raketlər verə bilər. Ən azından husilər və “Hizbullah” uzaq mənzilli dağıdıcı raketlərdən istifadə etmək qabiliyyətinə malik olmalıdırlar.

Düşünürəm ki, Rusiya NATO silahlarının Ukraynaya gətirilməməsi üçün başqa formada müqavimət göstərə bilər. Rusiya uzaq mənzilli raketləri Ukraynaya çathaçatda vuraraq məhv edə bilər. Bildiyimiz kimi, silahlar çox halda Ukraynaya dəniz vasitəsilə gətirilir. Rusiya da silah gətirən gəmiləri vura bilər.

Bunlar bir ehtimaldır. Rusiyanın başqa formada müqavimət göstərmək imkanları var. Hər şey hadisələrin gedişatından asılıdır”.

Nərminə UMUDLU Poliqon.info