Zelenski Baydenin Sülh Sammitində iştirak etməməsinə münasibət bildirib

Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak ABŞ prezidenti Co Baydenin iyunun 15-16-da İsveçrənin Luzern şəhəri yaxınlığında keçiriləcək Qlobal Sülh Sammitində şəxsən iştirak etməyəcəyinə münasibət bildirib...

Poliqon xəbər verir ki, Yermak bu barədə "Telegram"da məlumat verib.

"Volodimir Zelenskinin ABŞ prezidenti Co Baydenlə iki görüşü qarşıdadır - Ukraynaya dəstək, müdafiəmizi gücləndirmək kimi mühüm məsələlər müzakirə ediləcək. İyunun 15-də keçiriləcək Sülh Sammitində ABŞ-ın vitse-prezidenti Kamala Harrisin iştirakının təsdiqlənməsi ilə bağlı vacib xəbərlər var", deyə bildirib.

Onun sözlərinə görə, Ukraynanın suverenliyi, ərazi bütövlüyünə və BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün təmin edilməsi istiqamətində səyləri dəstəklənməsi çox vacibdir.

İyunun 2-də Ukrayna prezidenti Volodimir Zelenski qeyd edib ki, dünyanın 106 ölkəsi Sülh Sammitində iştirakını təsdiqləyib. O cümlədən başqa ölkələrin 70-75 lideri İsveçrəyə gələcək.

Ağ Ev vitse-prezident Kamala Harrisin ABŞ adından İsveçrədə keçiriləcək Sülh Sammitinə gedəcəyini açıqlayıb. O, Bayden administrasiyasının Ukraynanın suverenliyi, ərazi bütövlüyü və BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün təmin edilməsi üzrə səylərini dəstəkləmək öhdəliyini vurğulayacaq.

Zelenski ABŞ-ın digər ölkələrlə təmasda olduğunu və onları Sülh Sammitində iştiraka cəlb etməyə çalışdığını bildirib.

Zelenskinin sözlərinə görə, Sülh Sammiti Rusiya tərəfindən növbəti eskalasiyanın başlanğıcı deyil, müharibənin sonuna gedən yolun başlanğıcıdır. Ukrayna prezidenti bildirib ki, əgər birinci sammit zamanı Sülh Formulasının müəyyən edilmiş üç bəndi, yəni nüvə təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və Rusiya tərəfindən qaçırılan ukraynalı uşaqların geri qaytarılması məsələlərində uğur əldə etmək mümkün olarsa, onda növbəti mərhələyə keçid olacaq.

Poliqon.info