Yerdəki suyun yaşı nə qədərdir?

Qərbi Avstraliyadakı Cek Hillsdən çıxarılan, dörd milyard ildən çox yaşı olan qədim sirkon kristallarının təhlili göstərir ki, onlar şirin və duzlu su ilə təmasda olduqda əmələ gəliblər...

Qərbi Avstraliyadakı Cek Hillsdən çıxarılan, dörd milyard ildən çox yaşı olan qədim sirkon kristallarının təhlili göstərir ki, onlar şirin və duzlu su ilə təmasda olduqda əmələ gəliblər.

Bu kəşf barədə "Nature Geoscience" jurnalında məlumat verilib.

"Biz hidroloji dövrün başlanğıcını əvvəlki təxminlərdən 500 milyon il geriyə çəkən ən erkən sübutları əldə etmişik", - kəşfin müəllifləri qeyd ediblər.

Yerdəki su buxarlanma və yağıntı da daxil olmaqla, müxtəlif proseslər vasitəsilə quru, okeanlar və atmosfer arasında hərəkət edir. Planetimizin tarixinin əvvəllərində şirin suyun mövcudluğu və su dövranının başlanması erkən həyatın inkişafı üçün lazım olan şəraitin yaranmasına kömək edib. Ancaq bu prosesin nə vaxt başladığı ilə bağlı qeyri-müəyyənlik var.

"Biz 3,2-4,2 milyard il əvvəl Yerin erkən kontinental kütlələrini təşkil edən mineralların oksigen izotopik tərkibini təxmin etmişik. Təhlil zamanı biz onların su ilə təmasını göstərən qorunub saxlanmış dəlilləri tapa bildik. Modelləşdirmə suyun həm də gənc olduğunu göstərdi", - deyə kəşfin müəllifləri izah ediblər.

Qeyd edək ki, bu kəşf nəinki Yerin erkən tarixinə işıq salır, həm də quru kütlələrinin və şirin suyun nisbətən qısa müddət ərzində həyatın çiçəklənməsi üçün zəmin hazırladığını göstərir.

Poliqon.info