Meksikanın hakim partiyası prezident seçkilərində qalib gəldiyini elan edib

Meksikanın hakim Morena partiyasının namizədi Klaudiya Şeynbaum prezident seçkilərində exit-poll nəticələrinə və ilk səslərin hesablanmasına görə liderdir...

Poliqon xəbər verir ki, bu barədə NMAS televiziya kanalı və “El Financiero” qəzeti öz exit-polllarına istinadən namizədin qələbəsi barədə məlumat yayıb.

Klaudiya Şeynbaum Meksikada dövlət başçısı vəzifəsini icra edən ilk qadın ola bilər. Partiya sədri Mario Delqado artıq xanım Şeynbaumun qələbəsini elan edib.

Media sorğunun nəticələri barədə məlumat vermir. Reuters Agentliyi xəbər verir ki, Delqado Morena tərəfdarlarına xanım Şeynbaumun çox böyük fərqlə lider olduğunu deyib.

Xatırladaq ki, “Meksika üçün güc və ürək” sağçı alyansından senator Soçitl Qalves və Vətəndaş Hərəkatı partiyasından Xorxe Alvares Maines də prezidentlik uğrunda mübarizə aparır.

Meksikadakı bu dəfəki seçkilər tarixin ən böyük və ən qanlı seçkiləri olub. Vətəndaşlar prezidentdən başqa, Konqresin aşağı palatasının 500 üzvünü və 128 senatoru, həmçinin 8 qubernatoru və Mexiko şəhərinin merini seçiblər. Otuz səkkiz namizəd kampaniya zamanı, ikisi 2 iyun, bazar günü seçki günü öldürülüb.

Poliqon.info