Masallıda minik avtomobili dəmir maneəyə çırpılıb, bir nəfər xəsarət alıb

Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib...

Bu barədə Poliqon-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Şərəfə kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili yol kənarındakı dəmir maneəyə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Poliqon.info