Şolts Qərbi Ukraynaya milyardlarla dollara çıxış imkanı verməyə çağırıb...

Almaniya kansleri Olaf Şolts Qərb ölkələrini Ukraynaya milyardlarla dollara çıxış imkanı verərək ona maliyyə yardımı etməyə çağırıb...

Poliqon xəbər verir ki, bu barədə ZDF televiziyası məlumat yayıb.

Mezeberq qəsrində Almaniya-Fransa hökumətinin iclasında Şolts bildirib ki, iki ölkə Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər şəklində Kiyevə əlavə yardımın verilməsinin tərəfdarıdır.

"Biz Ukraynaya milyardlarla dollar əlavə vəsait əldə etmək istəyirik ki, Kiyev öz müdafiəsini etibarlı şəkildə təmin etsin və bununla da bütün Avropanın təhlükəsizliyini gücləndirsin", deyə Almaniya hökumətinin başçısı bildirib.

Rusiya Maliyyə Nazirliyi xaricdə dondurulmuş aktivləri 300 milyard dollar dəyərində qiymətləndirib. 2023-cü ildə onlar 4,4 milyard avro (təxminən 4,9 milyard dollar) xalis mənfəət əldə ediblər. Bu ilin birinci rübündə daha 1,6 milyard avro (1,7 milyard dollardan bir qədər çox) gəlir olub.

Bu il mayın 21-də Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəliri Ukraynaya dəstək üçün istifadə etməyə razılaşıb. Depozitarilər bu vəsaitlərdən əldə etdikləri gəliri Avropa Sülh Fonduna və Ukraynaya Dəstək Fonduna köçürəcəklər. Mənfəətin 90%-i Kiyevə hərbi yardıma gedəcək.

İyulda Ukraynanın bu sxem üzrə 1,1 milyard dollar alacağı gözlənilir, lakin ümumilikdə il üçün məbləğ 4 milyard avroya çata bilər. ABŞ Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirlə təminatla kredit verməyi təklif edib ki, Kiyev bu il 50 milyard dollar ala bilsin.

Rusiyanın maliyyə naziri Anton Siluanov cavab olaraq "güzgü tədbirləri" vəd edib. Söhbət C hesablarındakı aktivlərdən gedir (bunlar Rusiyanın qiymətli kağızlar üzrə öhdəlikləri və qeyri-dost ölkələrdən olan xarici kontragentlər qarşısında dividendlərdir).

Poliqon.info