İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb...

President.az xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, xalqınıza xeyir-bərəkət və tərəqqi arzu edirəm.

Fürsətdən istifadə edərək, ölkələrimizi və xalqlarımızı birləşdirən həmrəylik əlaqələrini təqdir edir, bundan fəxarət hissi duyduğumuzu bildirirəm. Xalqımızın azadlıq və müstəqillik hüquqlarına dəstək verən mövqeyinizi yüksək qiymətləndirirəm.

Xahiş edirəm, ən xoş arzularımı qəbul edəsiniz".

Həmçinin, Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu da dövlətimizin başçısına təbrik məktubu ünvanlayıb:

"Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Maldiv Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Zati-aliləri, icazə verin, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, həmçinin Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzularımı çatdırım".

***

İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə İsveçrə Federal Şurası və İsveçrə vətəndaşları adından təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu fürsətdən istifadə edərək ölkənizə və vətəndaşlarınıza xoşbəxt, uğurlu gələcək arzu edirəm.

Beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsində təsbit olunmuş ümumbəşəri prinsiplərə hörmət sülh və firavanlıq dünyasına doğru səylərimizdə bizim ən yaxşı bələdçimiz olaraq qalır. Məmnunam ki, ölkələrimiz arasında belə səmərəli əlaqələr davam edir.

Əminəm ki, biz gələcək illərdə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığımızı inkişaf etdirə və dərinləşdirə biləcəyik.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

Həmçinin, Albaniya Respublikasının Prezidenti Bayram Beqay da dövlətimizin başçısına təbrik məktubu ünvanlayıb:

"İcazə verin, ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırım.

Mən Albaniya və Azərbaycanın dostluğun, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əldə etdiyi böyük nailiyyəti xüsusi olaraq məmnunluqla qeyd edirəm. Biz dostluq münasibətlərinin və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində çox maraqlıyıq. Əlaqələrimizin hər iki ölkənin mənafeyinə uyğun olaraq yeni səviyyələrə yüksəldilməsinin əhəmiyyətini vurğulayıram.

Fürsətdən istifadə edərək bu ilin martında Azərbaycana səfərim zamanı mənə göstərilən qonaqpərvərliyə görə Sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm.

Zati-alinizə və Azərbaycan xalqına davamlı uğurlar, inkişaf, firavanlıq və xoşbəxtlik arzulayıram".

***

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Əlamətdar bayram - Azərbaycan Respublikasının müstəqilliyinin 106-cı ildönümü münasibətilə Kraliça Raca Zarit Sofia ilə birlikdə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Əminik ki, Malayziya ilə Azərbaycan arasında mövcud olan möhkəm dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daha da inkişaf edəcəkdir.

Uca Allahdan Zati-alinizə cansağlığı, Azərbaycan Respublikasına və onun xalqına davamlı sülh, rifah və tərəqqi arzulayırıq".

Həmçinin, İsveçin Kralı XVI Karl Qustav da dövlətimizin başçısına təbrik məktubu göndərib:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".

***

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Gürcüstan hökuməti adından və şəxsən öz adımdan Sizi və xalqınızı Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İcazə verin Sizə və Azərbaycan xalqına dərin ehtiramımı ifadə edim, sülh, rifah və uğurlar arzulayım.

Gürcüstan və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq dərin, uzun əsrlik dostluq ənənəsinə əsaslanır ki, bu da ölkələrimizin səmərəli əməkdaşlığının inkişafı üçün mühüm amildir.

Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanla ikitərəfli və mehriban qonşuluq münasibətlərinin dərinləşməsi bizim hökumətimizin ən əsas prioritetidir. Gürcüstan ilə Azərbaycan arasında qarşılıqlı etimad və dəstək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq ölkələrimizin əlaqələrinin dinamikasının güclənməsinə müsbət təsir göstərmişdir. Əminəm ki, əməkdaşlığımız daha da möhkəmlənəcək və regionda rifahın, sabitliyin təmin olunmasına öz töhfəsini verəcəkdir.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha dərin ehtiramımı ifadə edir, qardaş Azərbaycan xalqına firavanlıq, əmin-amanlıq və nailiyyətlər diləyirəm".

Həmçinin, San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Rossi və Milena Qasperoni dövlətimizin başçısına təbrik məktub ünvanlayıblar:

"Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi, ən xoş arzularımızı çatdırırıq.

Bu əlamətdar gündə Zati-alinizə ən yüksək ehtiramımızı bildirir, uğurlar diləyir, Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzu edirik".

***

İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə İndoneziya Respublikasının hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu xüsusda icazə verin İndoneziya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə görə Sizə səmimi təşəkkürümü bildirim. Əldə edilən nailiyyətlər dövlətinizin uğurlu siyasətinin təsdiqidir. İnanıram ki, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə təklif edəcəyi çox məsələlər var və əməkdaşlığımızın ölkələrimiz üçün əhəmiyyətli faydalar hasil edəcəyinə əminəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə bir daha dərin ehtiramımı ifadə edirəm".

Həmçinin, Hindistan Respublikasının Prezidenti Draupadi Murmu da dövlətimizin başçısına təbrik məktubu göndərib:

"Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının hökumətinə və dost xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Hindistan ilə Azərbaycan ortaq tarixi və mədəni əlaqələrə malikdir. Bizim həmrəyliyimiz bütün sahələrdə çoxtərəfli qarşılıqlı əməkdaşlığımıza yol açmışdır. Əminəm ki, həssas məqamlara və ortaq maraqlara qarşılıqlı hörmət nümayiş etdirərək bizim münasibətlərimiz əməkdaşlığın yeni sahələrini əhatə etməklə genişlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasının dost xalqına isə davamlı sülh, tərəqqi və inkişaf arzu edirəm.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

Poliqon.info