Çin XİN Zelenskinin Siyə çağırışına cavab verib

Çin Ukrayna ilə bağlı həm Moskva, həm də Kiyev tərəfindən tanınacaq sülh konfransının keçirilməsinin tərəfdarıdır...

Poliqon xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

O xatırladıb ki, Ukrayna ətrafında yaranmış vəziyyətdə Çin həmişə obyektiv və ədalətli mövqe tutaraq, atəşkəs və danışıqları təşviq etməkdə israrlıdır.

"Çin böhranın sülh yolu ilə həllinə töhfə verən bütün səyləri təşviq edir, həmçinin bütün tərəflərin bərabər iştirakı və bütün sülh təşəbbüslərinin qərəzsiz müzakirəsi ilə həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan beynəlxalq sülh konfransının vaxtında çağırılmasını dəstəkləyir", deyə XİN rəsmisi bildirib.

Daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Xarkovdan video çəkib, orada ABŞ prezidenti Co Baydeni və Çin prezidenti Si Szinpini İsveçrədəki sammitə qatılmağa, sülhün təmin edilməsinə liderlik etməyə çağırıb.

Zelenski bildirib ki, Ukrayna hakimiyyətinin təklif etdiyi sülh formulunun on bəndindən üçünü müzakirəyə çıxarmağı planlaşdırır. Bunlar nüvə təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, həmçinin "hamı üçün" formatında hərbi əsirlərin mübadiləsi və Rusiya Federasiyasına aparılan ukraynalı uşaqların geri qaytarılmasıdır.

Poliqon.info