Hakan Fidan: BMT-nin bu addımı beynəlxalq sistemin tam iflasına səbəb olacaq

BMT Təhlükəsizlik Şurasının Fələstini tanımaqdan dəfələrlə imtina etməsi Qəzzada böhranı dərinləşdirəcək və beynəlxalq sistemin "tam iflasına" gətirib çıxaracaq...

Poliqon xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"Biz deyirik ki, 150 ölkə tərəfindən dövlət kimi tanınan qurumun BMT Təhlükəsizlik Şurası tərəfindən dərhal tanınması son dərəcə vacibdir. Bu, beynəlxalq hüququn və bəşəriyyətin vicdanının tələbidir. Beynəlxalq sistem artıq böyük böhran içindədir. 150 ölkənin tanıdığı dövlət BMT Təhlükəsizlik Şurasında bir ölkənin səsi ilə yenidən rədd edilərsə, biz bu böhranı daha da dərinləşdirəcək və beynəlxalq sistemin tam iflasına gətirib çıxaracaq reallıqla üz-üzə qalacağıq", deyə Fidan jurnalistlərə açıqlamasında bildirib. 

Bundan əvvəl Norveç, İrlandiya və İspaniya Fələstini dövlət kimi tanıyacaqlarını, qərarlarının mayın 28-də qüvvəyə minəcəyini açıqlamışdı. Daha əvvəl Fələstini doqquz Avropa İttifaqı ölkəsi tanımışdı. Bolqarıstan, Cənubi Kipr, Çexiya, Macarıstan, Malta, Polşa, Rumıniya və Slovakiya bu addımı 1988-ci ildə, Aİ-yə daxil olmamışdan əvvəl, İsveç isə 2014-cü ildə atıb.

Poliqon.info