Natiq Cəfərli: Ermənistanın iqtisadi artımının yeganə səbəbi Rusiyadır...

Rəsmi statistikaya görə Ermənistanda birinci rübdə ÜDM 9,2%-ə qədər artıb...

İqtisadçı-ekspert: “Ermənistanda ümumi daxili məhsulun yüksək templə artması təqribən 2020-ci ildən sonra başladı. Bunun da əsas səbəbi Rusiyaya qarşı olan sanksiyaların Ermənistan üzərindən yan keçməsidir”.

“Ermənistanla Rusiya arasında görüntü olaraq nə qədər problemlər olsa da, amma iqtisadi münasibətlər kifayət qədər yüksək templə inkişaf edir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Ermənistanda ümumi daxili məhsulun artma səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Rəsmi statistikaya görə Ermənistanda birinci rübdə ÜDM 9,2%-ə qədər artıb. Bəs, Ermənistan hakimiyyətinin bu statistikası həqiqəti nə qədər əks etdirir və Ermənistan iqtisadiyyatını inkişafa yönəldən əsas stimullar nələrdir?

Ermənistan iqtisadiyyatını Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Heç də təsadüfi deyil ki, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi təqribən üç dəfəyə yaxın artıb”.

Rusiyaya qarşı sanksiyalara Ermənistanın kömək etdiyini nəzərə çatdıran ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bu dövriyyə Ermənistan şirkətlərinə kifayət qədər ciddi pul qazandırır:

“Ermənistanda ümumi daxili məhsulun yüksək templə artması təqribən 2020-ci ildən sonra başladı. Bunun da əsas səbəbi Rusiyaya qarşı olan sanksiyaların Ermənistan üzərindən yan keçməsidir. Yəni Ermənistan Rusiyaya çox ciddi şəkildə sanksiyalardan yan keçməyə kömək edir. Heç də təsadüfi deyil ki, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi təqribən üç dəfəyə yaxın artıb. Bu da təbii və orqanik artım deyil. Yəni bu sanksiyalardan yan keçmək üçün Ermənistan üzərindən alış-verişin həyata keçirilməsidir.

Bundan əlavə bildiyimiz kimi 80-90 min Rusiya vətəndaşı Ermənistana köçdü. Eyni zamanda böyük rus şirkətləri də sanksiyalara tuş gəlməmək üçün öz törəmə şirkətlərini Ermənistanda açdılar. Bu da onu deməyə əsas verir ki, Ermənistanla Rusiya arasında görüntü olaraq nə qədər problemlər olsa da, amma iqtisadi münasibətlər kifayət qədər yüksək templə inkişaf edir.

Ermənistanın iqtisadi artımının yüksəlməsinin, iqtisadiyyatda pozitiv dinamikanın yaranmasının yeganə səbəbi Rusiyadır. Yəni Rusiyaya qarşı sanksiyalara Ermənistanın kömək etməsi və Ermənistan şirkətlərinin kifayət qədər ciddi pul qazanmasıdır. Bu da həm iqtisadi dinamikanı artırır, həm də ümumi daxili məhsulun həcmini artıran amilə çevrilir”.

Nərminə UMUDLU Poliqon.info