Fərhad Məmmədov: Ermənistan Üçtərəfli Bəyanatın qüvvəsini itirməsi üçün nə etmək lazım olduğunu yaxşı bilir...

10 noyabr bəyanatında göstərilənlə bir çox məqamlar aktuallığını itirib...

Siyasi-şərhçi: “Hal-hazırda Üçtərəfli Bəyanatın qüvvədən düşməsi ilə bağlı söhbətləri yersiz hesab edirəm”.

“Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini ikitərəfli qaydada danışıb razılaşsalar da, Ermənistanın işğalçılıq faktının təsdiqi hələ də qalmaqdadır”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Üçtərəfli Bəyanatın qüvvədən düşməsi iddialarını Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycan və Ermənistan arasında 44 günlük müharibədən sonra yaranmış situasiya və münasibətlərin formalaşması üçün əsas sənəd 10 noyabr Bəyanatı idi. Lakin keçən müddətdə bir çox vəziyyət dəyişib və bu bəyanatda göstərilənlə bir çox məqamlar aktuallığını itirib. Hətta sərhədin delimitasiyası elə Rusiyanın iştirakı olmadan həyata keçirilir. Digər tərəfdən isə Rusiya sülhmərəmlıları da artıq Azərbaycanı tərk edib.

Bu durumda Üçtərəfli Bəyanatı qüvvədən düşmüş hesab etmək olarmı? O zaman “Zəngəzur dəhlizi”nin taleyi neə olacaq? Azərbaycan Ermənistanla “Zəngəzur dəhlizi” ilə bağlı ikitərəfli razılaşma əldə edə bilərmi?

Azərbaycan və Ermənistan arasında olan son prosesləri Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədovla müzakirə edib.

Fərhad Məmmədov: “Əgər Ermənistan Üçtərəfli Bəyanatın tam olaraq qüvvədən düşməsini və Azərbaycanın bunu dəstəkləməsini istəyirsə, bu zaman işğalçılıq siyasətini təsdiq edən bir qərar yaxud da hər hansısa bir addım atmalıdır”.

Rusiya sülhməramlıları vaxtından əvvəl Azərbaycanı tərk etdiyini xatırladan ekspert Poliqon-a bildirib ki, buna görə Üçtərəfli Bəyanatın bu bəndi artıq Azərbaycan üçün sıfırlanıb:

“Üçtərəfli Bəyanat Azərbaycan üçün üç məsələyə görə vacibdir.

Birincisi, Bəyanat Ermənistan Respublikasının işğalçılıq siyasətinin təsdiqidir və bunu Ermənistan baş nazirinin imzası sübut edir.

İkincisi, Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasını müddətli edən və reqlamentləşdirən sənəddir.

Üçüncüsü, “Zəngəzur dəhlizi” vasitəsilə nəqliyyat kommunikasiya yolu ilə Azərbaycandan Naxçıvana maneəsiz keçidin təmin edilməsidir.

Bu məqamlardan biri həll olunub. Rusiya sülhməramlıları vaxtından əvvəl çıxıb və buna görə

Üçtərəfli Bəyanatın bu bəndi artıq Azərbaycan üçün sıfırlanıb. Lakin Ermənistanın işğalçı olduğunu təsdiq edən rəsmi sənəd və “Zəngəzur dəhlizi” ilə bağlı məqam kimi bəyanat Azərbaycan üçün aktual olaraq qalır.

Fərhad Məmmədov: “Ermənistanın işğalçı olduğunu təsdiq edən rəsmi sənəd və “Zəngəzur dəhlizi” ilə bağlı məqam kimi bəyanat Azərbaycan üçün aktual olaraq qalır”.

Azərbaycan və Ermənistan “Zəngəzur dəhlizi”ni ikitərəfli qaydada danışıb razılaşsalar da, Ermənistanın işğalçılıq faktının təsdiqi hələ də qalmaqdadır. Əgər Ermənistan Üçtərəfli Bəyanatın tam olaraq qüvvədən düşməsini və Azərbaycanın bunu dəstəkləməsini istəyirsə, bu zaman işğalçılıq siyasətini təsdiq edən bir qərar yaxud da hər hansısa bir addım atmalıdır. Bu addım da reperasiya ola bilər. Yəni reperasiya artıq işğalçılıq faktının təsdiqidir.

Buna görə də hal-hazırda Üçtərəfli Bəyanatın qüvvədən düşməsi ilə bağlı söhbətləri yersiz hesab edirəm. Eyni zamanda Ermənistan Üçtərəfli Bəyanatın qüvvəsini itirməsi üçün nə etmək lazım olduğunu çox yaxşı bilir”.

Nərminə UMUDLU Poliqon.info