Tusk prezident seçkilərində iştirak etməyəcək

Donald Tusk Polşada keçiriləcək prezident seçkilərində iştirak etməmək qərarına gəlib...

Polşanın baş naziri Donald Tusk 2025-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırmadığını bildirib.

Poliqon xəbər verir ki, baç nazir bu qərarını “TVP İnfo” telekanalında bildirib. Siyasətçi “Günün sualı” verilişində deyib ki, gələn il keçiriləcək prezident seçkilərində iştirak etməyəcək.

Tusk hazırda Varşavanın meri olan Rafal Tşaskovskinin namizədliyini dəstəkləyəcəyini bildirib. Tşaskovskiprezident seçkilərində “Vətəndaş Koalisiyası”ndan namizəd kimi iştirak edə bilər.

Qeyd edək ki, Polşanın aparıcı siyasətçilərindən heç biri 2025-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək arzusunu rəsmən açıqlamayıb. Seymin spikeri Şimon Holovniya və xarici işlər naziri Radoslav Sikorski kampaniyada iştirak edəcəklərini istisna etməyiblər.

52 yaşlı Tşaskovski 2020-ci ildə Polşada keçirilən prezident seçkilərində iştirak edib, ilk turda 30,46% səs toplayıb və Polşanın hazırkı prezidenti Anjey Duda ilə ikinci tura çıxıb, lakin 48,97% nəticə ilə ona uduzub.

Anjey Duda iki müddət ən yüksək hökumət postunu tutduğu üçün 2025-ci ildə keçiriləcək seçkilərdə iştirak edə bilməyəcək.

Poliqon.info