Ərəstun Oruclu: Bloklar arası qarşıdurma artıq reallığa çevrilməkdədir...

Qərb kəşfiyyatı, konkret olaraq ABŞ və Britaniya kəşfiyyatları belə bir məlumat yayıb ki, Çinin Rusiyaya ölümcül silahlar verməsi ilə bağlı sübutlar əldə ediblər...

Siyasi-şərhçi: “Çox güman ki, Putinin Çin səfərində müzakirə olunan məsələlərdən biri də Rusiyaya silahların verilməsi idi”.

“Artıq bu, iki koalisiya arası savaş taktikasının sərtləşməsi deməkdir. Amma Pekinin Tayvan ətrafında təlimlərə başlamasına Vaşinqtondan mütləq reaksiya olacaq”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Çinin Rusiyaya ölümcül silahlar verməsi iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Qərb kəşfiyyatı, konkret olaraq ABŞ və Britaniya kəşfiyyatları belə bir məlumat yayıb ki, Çinin Rusiyaya ölümcül silahlar verməsi ilə bağlı sübutlar əldə ediblər. Onların iddasına görə ölümcül silahlar Rusiyaya ya göndərilib, ya da ən yaxın zamanda göndəriləcək. Digər tərəfdən isə dünən ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynaya Amerika silahlarından istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının mümkünlüyü barədə deyib ki, Rusiya dərinliklərində zərbələr endirmək qərarı Ukraynanın özündən asılıdır.

Bu iddialar və açıqlamalar fonunda demək olarmı ki, Rusiya-Ukrayna müharibəsi artıq bloklar arası müharibəyə çevrilir? Bu anlamda real üçüncü dünya müharibəsi təhlükəsini necə dəyərləndirmək olar?

Çin Rusiya anlaşmasını Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Geosiyasi məsələlər və Yaxın Şərqdə davam edən konfliklər səbəbindən Çin Rusiya ilə eyni mövqedən çıxış edir”.

Çinin Ukrayna-Rusiya savaşından özünü bitərəf göstərməyə çalışdığını vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, Putinin səfərindən sonra bu aradan qalxıb:

“Çox güman ki, Putinin Çin səfərində müzakirə olunan məsələlərdən biri də Rusiyaya silahların verilməsi idi. Bu səfərə qədər Çin sözdə Rusiyanı dəstəkləsə də, müəyyən silahlar versə də, yaxud da hansısa elektron komponentlər, çiplər versə də, bunu üçüncü ölkələr vasitəsilə edib. Çin çalışırdı Ukrayna-Rusiya savaşından özünü təcrid etsin, ən azı beynəlxalq hədəfə gəlməsin. Amma görünən budur ki, Putinin səfərindən sonra bu aradan qalxıb.

Çin təkcə Rusiyaya silah ötürmür, Çin həm də Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu da ondan irəli gəlir ki, yəqin artıq Putinin Kollektiv Cənub dediyi koalisiyaya daxil olan ölkələr öz mövqelərini müəyyənləşdirib. O cümlədən, Çin də Rusiyaya dəstək verməyə qərar verib.

Təbii ki, belə olan şəraitdə ABŞ-da Ukrayna üzərindən ABŞ silahının Rusiyaya qarşı istifadə məhdudiyyətini götürəcəyini bildirib. Bu fikir Blinkenin Kiyevə səfəri zamanı da səsələndirilmişdi. İndi görünür ki, artıq miqyas böyüyür. Artıq Rusiyanın daxilinə zərbələr endirmək üçün Ukraynanın imkanları genişlənir. Bir yandan da Çin Rusiyanı silahlandırır.

Artıq bu, iki koalisiya arası savaş taktikasının sərtləşməsi deməkdir. Amma Pekinin Tayvan ətrafında təlimlərə başlamasına Vaşinqtondan mütləq reaksiya olacaq. Hətta ola bilsin ki, müəyyən məhdudlaşdırıcı qərarlar, sanksiya xarakterli qərarlar da qəbul olunsun. Belə bir qarşıdurma bir çox məsələlər üzrə onsuz da qaçılmazdır. O cümlədən, geosiyasi məsələlər və Yaxın Şərqdə davam edən konfliklər səbəbindən Çin Rusiya ilə eyni mövqedən çıxış edir. Buna görə də belə bir bloklar arası qarşıdurma istisna deyil. Çox güman ki, bu artıq reallığa çevrilməkdədir”.

Nərminə UMUDLU Poliqon.info