Rusiya Baş Qərargah rəisinin müavini general Şamarin həbs edilib

Rusiya Silahlı Qüvvələrin Rabitə Baş İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini general-leytenant Vadim Şamarin saxlanılıb...

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə məlumatı təsdiqləyib və bildirib ki, generalın evində dələduzluq iddiası ilə bağlı cinayət işi üzrə axtarış aparılıb. Nəticələrə əsasən, Vadim Şamarin dindirilmək üçün Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb.

Nəşr yazır ki, işə 235-ci qarnizon hərbi məhkəməsində baxılır. Əvvəllər dələduzluq işində həbs edilən general İvan Popovun işində olduğu kimi, mayın 22-də məhkəmənin saytında gizli məlumatlara malik olan şəxsin həbsinə aid məlumat çıxıb.

Qeyd edək ki, bundan əvvəl müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin baş kadrlar idarəsinin rəisi general-leytenant Yuri Kuznetsov saxlanılaraq həbs ediliblər. Onların hər ikisi xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur. Yuri Kuznetsov ümumilikdə 30,5 milyon rubl rüşvət almaqda ittiham olunur. Timur İvanov 1,185 milyard rubl almaqda ittiham olunur. Mayın 17-də Cənub Hərbi Dairəsinin 58-ci Ordusunun keçmiş komandiri İvan Popov dələduzluq maddəsi ilə həbs edilib.

Poliqon.info