Çin ordusu Tayvan ətrafında iki günlük təlimlərə başlayıb

Çin Xalq Azadlıq Ordusunun Şərq Döyüş Komandanlığı Zonasının qüvvələri Tayvan ətrafında hərtərəfli hərbi təlimlərə başlayıb...

Poliqon xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə mayın 23-24-də baş tutacaq təlimdə quru, dəniz, hava və raket qüvvələri iştirak edəcək.

Çin Müdafiə Nazirliyinin sözçüsü Li Si bildirib ki, təlimdə Çin Xalq Azadlıq Ordusunun döyüş hazırlığı və əsas hədəflərə birgə dəqiq zərbələr endirilməsi yoxlanılacaq. Həmçinin döyüş gəmiləri və təyyarələr Tayvan ətrafında döyüş patrulları həyata keçirəcək.

“Bu, həm də Tayvanın müstəqilliyinə can atan separatçı qüvvələr üçün ağır cəza və xarici qüvvələrin təxribat və müdaxiləsinə qarşı sərt xəbərdarlıqdır”, deyə Li Si deyib.

Bu arada Tayvan Müdafiə Nazirliyi X sosial şəbəkəsində bir təyyarə və 12 Çin gəmisinin adaya yaxınlaşdığını bildirib. Departamentin məlumatına görə, Çin təyyarəsi cənubdan adanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub və təxminən 72 km məsafəyə yaxınlaşıb.

Tayvan Müdafiə Nazirliyi Çinin keçirdiyi təlimləri regional sülh və təhlükəsizliyi pozan “təxribat” hesab edib.

Poliqon.info