Politoloq: Paşinyan bu sınaqdan da çıxsa, Rusiyaya qarşı Qərbyönümlü siyasətini daha da gücləndirəcək...

Rusiya-Ermənistan münasibətlərində nisbi sabitlik hiss olunur...

Kamran Məmmədli: “Sakitliyin səbəbi Ermənistan daxilində hazırda davam edən proseslərdir. Paşinyan hakimiyyətinin başı hazırda keşiş Baqratın yürüşünə qarışıb”.

“Belə bir gərgin vəziyyətdə Rusiyaya qarşı nəsə söyləmək və hərəkətə keçmək hazırda Paşinyanın atacağı son addım olardı”.

Bu sözləri politoloq Kamran Məmmədli Rusiya-Ermənistan münasibətlərində hökm sürən sabitliyi Poliqon-a şərh edərkən qeyd edib.

Son zamanlar Rusiya-Ermənistan münasibətlərində nisbi sabitlik hiss olunur. Ermənistan tərəfi antirusiya ritorikasını bir müddətdir dayandırıb.

Bəs, İrəvanla Moskva arasında gərginlik azalıb, yoxsa bu, müvəqqətidir? Hazırkı səssizliyin Putin-Paşinyan görüşündən sonra yarandığını nəzərə alarsaq, demək olarmı ki, Rusiya və Ermənistan hansısa razılıq əldə ediblər?

Rusiya-Ermənistan münasibətlərinin indiki mərhələsini Poliqon-un əməkdaşı politoloq Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Düşünürəm ki, Ermənistan Rusiyanın qarşı olmasına baxmayaraq, Azərbaycanla tezliklə sülh müqaviləsini də imzalayacaq”.

Keşiş Baqratın mayın 26-da İrəvanın mərkəzi meydanında bütün erməniləri mitinqə dəvət etdiyini xatırladan politoloq əlavə edib ki, mayın 26-na qədər Paşinyan hakimiyyətinin əsas diqqəti və gündəmi məhz bu aksiya olacaq:

“Hesab edirəm ki, sakitliyin səbəbi Ermənistan daxilində hazırda davam edən proseslərdir. Paşinyan hakimiyyətinin başı hazırda keşiş Baqratın yürüşünə qarışıb. Bildiyiniz kimi, son həftələr keşiş geniş miqyaslı yürüş edərək İrəvanın mərkəzinə qədər gələ bildi və hətta geniş etiraz aksiyası belə keçirməyə nail oldu. Hazırda Paşinyan hakimiyyəti keşişin hərəkətlərini, görüşlərini diqqətlə izləyir, ona qarşı nə edəcəklərinə qərar verməyə çalışırlar.

Belə bir gərgin vəziyyətdə Rusiyaya qarşı nəsə söyləmək və hərəkətə keçmək hazırda Paşinyanın atacağı son addım olardı. Keşiş Baqrat mayın 26-da İrəvanın mərkəzi meydanında bütün erməniləri mitinqə dəvət edib. O meydanda gələcək fəaliyyəti haqqında məlumat verəcəyini deyib. Görünən odur ki, mayın 26-na qədər Paşinyan hakimiyyətinin əsas diqqəti və gündəmi məhz bu aksiya olacaq.

Hesab edirəm ki, bu dinc aksiyalar Paşinyana qarşı istifadə olunan son mərhələdir. Paşinyan keşiş sınağından da uğurlu çıxarsa, Rusiyaya qarşı və Qərbyönümlü siyasətini daha da artıracaq. Düşünürəm ki, Ermənistan Rusiyanın qarşı olmasına baxmayaraq, Azərbaycanla tezliklə sülh müqaviləsini də imzalayacaq”.

Nərminə UMUDLU Poliqon.info