Səudiyyə Ərəbistanı və BƏƏ Qəzza zolağının təhlükəsizliyinin təminatçısı ola bilər

Dövlət Departamenti Səudiyyə Ərəbistanı və BƏƏ-nin Qəzza zolağında təhlükəsizliyin təmin edilməsində iştirakını mümkün hesab edir...

ABŞ Dövlət Departamenti Fələstin anklavında münaqişənin həllindən sonra Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Qəzza zolağında təhlükəsizliyin təmin edilməsində iştirakını mümkün hesab edir.

Poliqon xəbər verir ki, bunu ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmədə ABŞ dövlət katibi Entoni Blinken bildirib. Dövlət katibi qeyd edib ki, Səudiyyə Ərəbistanı və BƏƏ-nin, Qəzza zolağı və İordan çayının qərb sahilində “vəziyyəti düzəltmək” üçün səy göstərə biləcəklərinə inanır.

“Əminəm ki, bir sıra ölkələr müvəqqəti əsaslarla Qəzza zolağında təhlükəsizliyə, idarəetməyə kömək etməkdə praktiki rol oynaya bilər”, deyə ABŞ xarici siyasət rəhbəri vurğulayıb.

Blinken, Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılmasını hələ də mümkün hesab edirmi, sualına müsbət cavab verib.

“Düşünürəm ki, indi ABŞ və Səudiyyə Ərəbistanı arasında lazımi razılaşmaların əldə olunduğu məqamdır” deyən dövlət katibi, hətta Vaşinqton və Ər-Riyad arasında razılaşmalar əldə olunsa belə, “İsrail bir sıra tədbirlər görməli olacaq” deyə əlavə edib.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmədə Blinken qeyd edib ki, Səudiyyə Ərəbistanının İsraillə münasibətləri normallaşdırması üçün şərt Qəzzada sakitliyi təmin etmək, həmçinin Fələstin dövlətinin yaradılması üçün etibarlı planın olmalıdır.

“Ola bilər ki, İsrail bu yolu tutmağa qadir deyil və ya hazır deyil”, dövlət katibi etiraf edib.

Blinken qeyd edib ki, yəhudi dövlətinin rəhbərliyi bu fürsətdən yararlanmaq istəyib-istəməməsinə qərar verməlidir.

Poliqon.info