Netanyahu müşaviri: İsrail BCM-yə cavab verməyəcək

İsrail höküməti Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etməyəcək...

İsrailin baş naziri Benyamin Netanyahunun müşaviri Dmitri Qendelman bildirib ki, ölkə prokuroru İsrailin baş nazirinin həbsinə order almağı planlaşdıran Beynəlxalq Cinayət Məhkəməsini (ICC) tanımır. Lakin İsrail məhkəməyə qarşı adekvat tədbirləri görmək niyyətində deyil.

Poliqon xəbər verir ki, Dmitri Qendelman bu barədə “İzvestiya” qəzetinə aşıqlama verib.

“İsrail nəinki bu beynəlxalq qurumu tanımır, həm də ona qarşı irəli sürülən bütün ittihamları qəti şəkildə rədd edir. İsrail BCM-ni və onun yurisdiksiyasını tanımadığından ona qarşı əks sanksiyalar irəli sürməyəcək”, deyə Netanyahunun müşaviri bildirib.

Bununla belə, Qendelman əlavə edib ki, BCM-ə iddia qaldıran Fələstin Administrasiyasına qarşı müəyyən sanksiyaların tətbiqi mümkündür. Knessetin sədr müavini və “Bizim evimiz İsrail” partiyasından olan deputat Yevgeni Sovanın sözlərinə görə, İsrail Fələstin siyasətçilərinə qarşı iqtisadi tədbirlər görə bilər.

Qeyd edək ki, mayın 20-də Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Benyamin Netanyahu, həmçinin İsrailin müdafiə naziri Yoav Qalant və HƏMAS-ın üç liderinin hərbi cinayətlərə görə həbsinə order verilməsini məhkəmənin hazırlıq palatasından xahiş edəcəyini bəyan edb. ABŞ prezidenti Co Bayden bu qərarı qərəzli adlandırıb. Bayden İsrail ordusunun hərəkətlərini soyqırım hesab etmədiyini və HƏMAS-la qarşıdurmada İsraili dəstəkləməyə davam etdiyini bildirib.

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Netanyahunun həbsinə order veriləcəyi təqdirdə BCM-yə qarşı sanksiyaların tətbiqini mümkün hesabedib. BCM qərarını Fransa dəstəkləyib, Böyük Britaniya isə qarşı çıxıb.

Poliqon.info