Smart tipli su sayğaclarının batareyasını dəyişmək üçün vətəndaşlardan 20 AZN alınır? - Rəsmi açıqlama

“Azərsu” ASC-yə məxsus smart tipli sayğaclarda problem yaranan zaman məsələ necə həll edilməlidir?...

Vətəndaşlar bu suala cavab tapmaq istəyirlər. Onların sözlərinə görə, smart tipli sayğaclarda bəlli vaxt keçəndən sonra batareyanın istifadə müddəti bitir. “Azərsu” əməkdaşları isə batareya təminatının olmaması səbəbindən smart tipli sayğacın ya mexanikiyə keçirilməsini, ya da batareya təminatı üçün abonentə 20 manat ödəməsini təklif etmələri birmənalı qarşılanmayıb. Bəs görəsən, bu xidmət qaydası necədir? Doğrudan da, “Azərsu” ASC-nin smart sayğacları üçün batareyaya görə ödəniş edilməlidirmi?

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Pravda.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

“Qeyri-əhali abonentlərində istər smart, istərsə də mexaniki sayğac sıradan çıxırsa, yəni xarab olursa, həmin sayğac abonentin hesabına dəyişdirilir. Əhali qrup abonentlərdə isə iki hal var. Əgər abonent məqsədli şəkildə sayğaca müdaxilə edibsə, onu sıradan çıxarıbsa, bu zaman həmin sayğac da abonentin vəsaiti hesabına dəyişdirilir. Sayğac istismar müddətini başa vurubsa, hansısa səbəbdən nasaz vəziyyət yaranıbsa, bu zaman abonentdən heç bir ödəniş tələb edilmir, həmin sayğac dövlət vəsaiti hesabına yenilənir. Eyni zamanda smart sayğacların smart hissələri istismara yararlıdırsa, bu zaman sayğacın batareyası yenilənir. Bu batareya da dövlət vəsaiti hesabınadır. Bilirsiniz ki, smart sayğac iki hissədən ibarətdir. Əgər smart sayğacın smart hissəsində problemlər yaranıbsa, istismara yararsızdırsa, artıq mexaniki hissəyə keçid edirik. Belə olan halda, abonent əvvəlcədən ödəniş etmir, yəni suyu istifadə etdikdən sonra “Azərsu” əməkdaşları sayğacın göstəricisinə baxırlar, bildiriş təqdim edirlər. Abonent də bildiriş əsasında ödənişi edir”, - qurum rəsmisi deyib.

Poliqon.info