Almaniya ABŞ-ın planını dəstəkləyir...

Almaniya ABŞ-ın Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə planını dəstəkləməyə hazırdır...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb. Agentlik yazır ki, Vaşinqtonun son təklifi Berlin tərəfindən daha müsbət qarşılanıb.

Nəşr qeyd edir ki, Almaniya ABŞ-ın Rusiyanın dondurulmuş aktivlərindən istifadə etmək planını dəstəkləməyə hazır olduğunu bildirib. Söhbət əsas məbləği müsadirə etmədən aktivlərdən əldə olunan gəlirin istifadəsindən gedir. Bloomberg qeyd edir ki, bu yanaşma Berlində və digər Avropa paytaxtlarında böyük dəstək qazanıb.

Nəşrin mənbələrinə görə, bu təklif mayın 23-dən 25-dək keçiriləcək “Böyük Yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin qarşıdan gələn sammitində əsas müzakirə mövzusu ola bilər. Məsələ ilə bağlı yekun qərarın iyunda veriləcəyi, planın növbəti il ərzində icrasına başlanacağı gözlənilir.

Qeyd edək ki, ABŞ Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirdən Ukraynaya 50 milyard dollar məbləğində maliyyə yardımı göstərilməsini təklif edir.

Bloomberg qeyd edir ki, Berlinin dəstəyi Kiyevə ABŞ və onun müttəfiqlərindən yardım göstərilməsi prosesini sürətləndirə bilər.

Poliqon.info