İspaniya “Leopard” tanklarının yeni partiyasını Ukraynaya verəcək

Ukrayna İspaniyadan yeni hərbi yardım paketi alacaq...

İyun ayında Madrid “Leopard” tanklarının daha bir partiyasını Ukraynaya təhvil verəcək.

Poliqon xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo” qəzeti məlumat yayıb. Nəşr xəbər verir ki, bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles Ukrayna üzrə Təmas Qrupunun (Ramşteyn formatı) iclası zamanı bildirib.

Robles Ukraynaya müxtəlif döyüş sursatları göndərəcəyini də vəd edib. Bundan əlavə, İspaniya Ukrayna hərbçilərinin təlimini davam etdirmək niyyətindədir.

İspaniyanın müdafiə naziri krallığın Ukraynaya təhvil vermək niyyətində olduğu tankların dəqiq sayını açıqlamayıb. Bununla belə, hələ mart ayında Qərb mediası mənbələri Madridin Kiyevə 20 “Leopard 2A4” tankı göndərmək niyyətində olduğunu yazmışdı. Onların çatdırılması iyunun 30-dan əvvəl gözlənilir.

Poliqon.info