Bayden: İsrailin Qəzza zolağındakı hərəkətlərini soyqırım deyil...

ABŞ prezidenti Co Bayden Ağ Evin “Qızılgül” bağında Yəhudi-Amerika İrsi Ayı şərəfinə təşkil edilən ziyafətdə çıxış edib...

Poliqon xəbər verir ki, , çıxışı zamanı Bayden İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərini soyqırım hesab etmədiyini bildirib. Bayden Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru Kərim Xanın İsrailə qarşı ittihamlarını da rədd edib.

“Açıq deyim: Beynəlxalq Cinayət Məhkəməsinin İsrailə qarşı irəli sürdüyü ittihamların əksinə olaraq, baş verənlər soyqırım deyil. Biz bunu rədd edirik. Biz İsraili dəstəkləyirik”, deyə ABŞ prezidenti Ağ Evin “YouTube”da yayımladığı çıxışı zamanı deyib. Bayden əlavə edib ki, ABŞ hökuməti HƏMAS-ı tamamilə məhv etmək üçün İsraillə işləməyə davam edir.

Qeyd edək ki, mayın 20-də Kərim Xan İsrailin Baş naziri Binyamin Netanyahunun, İsrailin müdafiə naziri Yoav Qalantın, eləcə də HƏMAS-ın üç lideri - Yəhya Sinvarın, Məhəmməd əl-Məsrinin və İsmayıl Haniyənin həbsinə orderlərin verilməsini tələb edərək Beynəlxalq Cinayət Məhkəməsinin Məhkəməyə qədərki Palatasına müraciət göndərib. Co Bayden bunu qəbuledilməz adlandırıb. ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson isə Netanyahunun həbsinə order veriləcəyi təqdirdə BCM-yə qarşı sanksiyaların tətbiq ediləcəyini bildirib.

Poliqon.info