Fransa parlamenti Ukraynanın Rusiya ərazisinə hücumuna icazə verməyə çağırıb...

Fransa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Jan-Lui Burlanj Parisi Ukraynanın Fransa silahları ilə Rusiya ərazisinə endirdiyi zərbələrə dair qadağanı aradan qaldırmağa çağırıb...

Poliqon xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, Burlanj Fransa rəhbərliyinə məktub yazaraq, onları Ukrayna qoşunlarının Rusiyaya silahları ilə hücum etməsinə icazə verən Britaniyanın nümunəsinə əsasən, "təmkindən əl çəkməyə və qərar qəbul etməyə" çağırıb.

"Görünür, bunun vaxtı yetişib... Özünümüdafiə hüququ təcavüzkarın ərazisində sığınacaq hüququnu istisna edir, deyə komitə rəhbəri vurğulayıb və əlavə edib ki, doktrina dəyişikliyi tamamilə qanuni olacaq, çünki bu, təcavüzkar və qurban arasındakı asimmetriyaya son qoyacaq.

Eyni zamanda, Burlanj bildirib ki, nə Fransa, nə də Ukraynanın digər Qərb tərəfdaşları Rusiya Federasiyası ilə müharibə etmək istəmirlər.

"Ona görə də söhbət onların əməliyyat teatrına qarışmasında deyil, əsassız tabunun aradan qaldırılmasından gedir", deyə o, məktubunda yazır.

Rusiyanın tammiqyaslı işğalı başlayandan Ukraynanın Qərb ölkələrindən aldığı silahlardan Rusiya ərazisinə hücum etmək hüququ məhdudlaşdırılıb. Tipik olaraq Qərbdə bu məhdudiyyət Ukraynaya silahların Rusiyaya qarşı müdafiə məqsədilə ötürülməsi ilə izah edilirdi, ona hücum etmək üçün deyil.

Lakin bu il bu məsələdə müəyyən dəyişikliklər olub. Belə ki, Böyük Britaniyanın xarici işlər naziri David Kameron Kiyevə səfərindən sonra Ukraynanın Britaniya silahları ilə Rusiya ərazisinə hücum etmək hüququna malik olduğunu bildirib.

Eyni zamanda, ABŞ hələ də Ukraynanın Rusiya Federasiyasına hücumlarını məhdudlaşdırmaq siyasətinə sadiqdir. Bununla belə, may ayında Kiyevə səfəri zamanı ABŞ-ın dövlət katibi Entoni Blinken demişdi ki, müharibə necə aparılacağını Ukrayna özü seçir, lakin ABŞ Rusiya Federasiyasına hücumları təşviq etmir.

Poliqon.info