Rusiya bundan sonra ABŞ-ı Qələbə paradlarına dəvət etməyəcək

Moskva artıq Amerika rəsmilərini 9 May Qələbə Paradlarına dəvət etməyəcək...

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ-ın siyasi elitaları II Dünya müharibəsi ilə bağlı həqiqətləri inkar edir və Almaniya üzərində qələbədə SSRİ-nin roluna susurlar. Ona görə də Moskva artıq Amerika rəsmilərini 9 May Qələbə Paradlarına dəvət etməyəcək.

Poliqon xəbər verir ki, nazir müavini bu barədə TASS-a müsahibəsində danışıb.

"Rusiyanı ləkələmək üçün getdikcə daha çox yeni rəvayətlər axtaran amerikalılar nasist Almaniyası üzərində qələbədə Sovet İttifaqının əsas rolunu inkar edirlər. Onlar öz yanaşmalarını dəyişə bilmirlər və buna görə də onları dəvət etməyəcəyik. Əgər rəsmi Vaşinqtonun yanaşmasında daha sağlam düşüncənin yaranması baxımından nəsə dəyişərsə, o zaman təbii ki, vəziyyət dəyişər", deyə nazir müavini bildirib.

Sergey Ryabkov ABŞ-da yaşayan II Dünya müharibəsi veteranlarına can sağlığı arzulayıb. O, ümid etdiyini bildirib ki, buna görə təqib olunmayacaqları şəraitdə yaxın illərdə Rusiyaya Qələbə paradına gələ biləcəklər: "Biz onları anti-Hitler koalisiyasının digər veteranları ilə birlikdə şərəfləndirəcəyik".

1995-ci ildə müasir Rusiya tarixində ilk dəfə bayram paradının keçirilməsinə qərar verilib. Parada 50-dən çox xarici ölkə rəhbəri, o cümlədən 6 beynəlxalq assosiasiya və təşkilatın rəhbəri dəvət olunub. Paradda iştirak edənlər arasında ABŞ prezidenti Bill Klinton da olub. ABŞ nümayəndəsi sonuncu dəfə 2021-ci ildə Moskvadakı parada qatılıb: bu, ABŞ-ın Moskvadakı müvəqqəti işlər vəkili Bart Qorman olub.

Poliqon.info