Braziliya prezidenti Ukrayna ilə bağlı sülh konfransına getməyəcək

Braziliya prezidenti Luis İnasiu Lula da Silva iyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində Ukrayna ilə bağlı keçiriləcək konfransda iştirak etməmək qərarına gəlib...

Poliqon xəbər verir ki, bu barədə CNN Brasil telekanalı məlumat verib. Telekanalın məlumatına görə, Braziliya hakimiyyəti prezidentin iştirakının mənası olmadığını hesab edib, çünki sammitdə münaqişənin hər iki tərəfi iştirak etməyəcək. Rusiya tədbirə dəvət olunmayıb.

CNN qeyd edir ki, bu həftə Lula da Silva Braziliyanın xarici işlər naziri Mauro Vieira ilə aldığı dəvəti müzakirə edib. Onlar qərara gəliblər ki, konfransda Braziliya nümayəndə heyətinə prezident rəhbərlik etməyəcək, lakin onu dəqiq kimin əvəz edəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, mayın əvvəlində İsveçrə prezidenti Viola Amherd qeyri-Qərb ölkələrini Rusiyaya təzyiq göstərmək məqsədi daşıyan qlobal forum kimi nəzərdə tutulan Ukrayna üzrə iyun konfransında iştirak etməyə çağırıb. Mayın 15-də İsveçrə hakimiyyəti 50-dən çox ölkənin sammitdə iştirakını təsdiqlədiyini bildirib.

Poliqon.info