Gürcü spiker: Bu daha çox Sovet və ya Rusiya təbliğatından gözlənilən bir hərəkətdir...

İslandiya, Litva və Estoniya xarici işlər nazirlərinin Gürcüstanda "xarici agentlər haqqında" qanuna qarşı keçirilən etiraz aksiyasında iştirak etməsi ölkədə hökuməti devirmək cəhdidir...

Poliqon xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili öz Facebook səhifəsində yazıb.

"Bu, Avropa İttifaqının xarici işlər nazirlərindən daha çox Sovet və ya Rusiya təbliğatından gözlənilən bir hərəkətdir. Üstəlik, demokratik yolla seçilmiş hökuməti devirmək cəhdinə töhfə verməkdir. Çünki onun qəbul etdiyi qanunvericiliyi bəyənmirlər", deyə spiker bildirib.

Bundan əvvəl Tiflis meri Kaxa Kaladze də bənzər bəyanatla çıxış etmiş və xarici qüvvələrin Gürcüstanda dövlət çevrilişinə cəhd etdiyini açıqlamışdı. Kaladzenin sözlərinə görə, bunu Litva, Estoniya və İslandiyanın xarici işlər nazirlərinin Gürcüstan parlamentinin bu yaxınlarda qəbul etdiyi xarici agentlər haqqında qanuna qarşı keçirilən mitinqdə iştirakı ilə baş verən insident də təsdiqləyir. Mer qeyd edib ki, "bu dostluq deyil, düşmənçilikdir və ölkədə qütbləşməni tətbiq etmək cəhdidir".

"Xarici işlər nazirimiz İrəvana gedib, müxalifətin mitinqində iştirak etsə, münasibət necə olardı? Biz hər şeyi öz adı ilə çağırmalıyıq", deyə Kaladze bildirib.

Mayın 15-də Baltikyanı ölkələrin və İslandiyanın xarici işlər nazirlərinin Tiflisə gəldiyi barədə məlumat yayılıb. Daha sonra onlar müxalifətin mitinqinə gəlib orada çıxış ediblər.

Mayın 14-də Gürcüstan parlamenti yerli cəmiyyətdə mübahisə doğuran "xarici agentlər haqqında" qanunu üçüncü oxunuşda qəbul edib. Müzakirə hakim Gürcü Arzusu Partiyasının deputatları ilə müxalifət arasında etirazlar və davalar fonunda baş tutub. Nəticədə 84 deputat lehinə, 30 deputat əleyhinə səs verib.

Bundan sonra Gürcüstan parlamenti qırmızı həyəcan səviyyəsi elan edib. Azadlıq meydanında xüsusi təyinatlılar və su şırnaqları düzülüb, deputatlar polisin mühafizəsi altında binanı tərk ediblər.

Qəbul edilmiş qanuna əsasən, gəlirlərinin 20%-dən çoxu xaricdən gələn bütün qeyri-kommersiya hüquqi şəxsləri və kütləvi informasiya vasitələri xüsusi dövlət reyestrində qeydiyyatdan keçməlidirlər. Bundan əlavə, belə QHT və KİV-lərdən hər il Gürcüstan Maliyyə Nazirliyinə gəlir və xərclər haqqında deklarasiya təqdim etmələri tələb olunacaq.

Aprelin ortalarından Gürcüstanda etiraz aksiyaları keçirilir və onların iştirakçıları qanun layihəsinin müzakirədən çıxarılmasını tələb edirlər. Öz növbəsində qanun layihəsinin tərəfdarları hesab edirlər ki, bu, xarici qüvvələrin təşəbbüsü ilə baş verən dövlət çevrilişinin qarşısını almağa kömək edəcək.

Poliqon.info