Gürcüstan hakimiyyəti ABŞ-ın sanksiyalarından qorxmur...

Gürcüstan hakimiyyəti Amerikanın sanksiyalarından narahat deyil...

Poliqon xəbər verir ki, bunu hakim №Gürcü Arzusu" Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze bildirib.

Bundan əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen Tiflisdə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, xarici agentlər haqqında qəbul edilmiş qanun beynəlxalq standartlara cavab verməsə, Amerika tərəfi Gürcüstan rəhbərliyinə qarşı şəxsi sanksiyalar tətbiq edə bilər. O'Brayen əlavə edib ki, ABŞ Gürcüstan hakimiyyəti tərəfindən düşmən kimi qəbul edilərsə, Amerika tərəfi də maliyyə yardımından imtina edə bilər.

"Söhbət strateji tərəfdaşlıqdan, dostluqdan gedirsə, o zaman şantaj, təhdid dolu söhbətlər sadəcə olaraq qəbuledilməzdir. Mən şəxsən öz fikrimi və partiyadaşlarımın mövqeyini ifadə edəcəyəm, bu sanksiyalardan heç kim qorxmur. Söhbət sizin ölkənizdən, vətəninizdən gələndə hansı sanksiyalardan danışmaq olar?", deyə Kaladze "Rustavi 2" kanalının efirində bildirib.

Kaladze əlavə edib ki, o, Gürcüstan hakimiyyətinə qarşı mümkün sanksiyalar üçün hansı əsasların ola biləcəyini başa düşmür.

Mayın 14-də Gürcüstan parlamenti "xarici agentlər haqqında" qanun layihəsini üçüncü və yekun oxunuşda qəbul edib. Aprel ayında hakim Gürcü Arzusu Partiyası "xarici agentlər haqqında" qanun layihəsini yenidən parlamentə təqdim edib. "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsində "xarici təsir agenti" ifadəsi əvəzinə "xarici dövlətin maraqlarını təşviq edən təşkilat" ifadəsi işlədilir.

Qanun layihəsi gəlirlərinin 20%-dən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin qeydiyyatını nəzərdə tutur. Layihəyə əsasən, "xarici qüvvələrin maraqlarını təbliğ edən təşkilat" hesab edilən hər kəs dövlət reyestrində qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı alınan gəliri əks etdirmək, həmçinin bəyannamə doldurmaq lazımdır. Qeydiyyatdan və ya bəyannamə doldurmaqdan imtina 25 min lari (təxminən 9,5 min dollar) məbləğində cərimə ilə cəzalandırılacaq.

Layihənin əleyhdarları bunu Rusiyanın müvafiq qanununun analoqu adlandırırlar.

Poliqon.info