ABŞ konqresmenləri İsrailə fasiləsiz silah tədarükününü tələb edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının Prosedurlar Komitəsi Amerika administrasiyasının İsrailə fasiləsiz silah tədarükünü təmin etməli olduğu qanun layihəsini təsdiqləyib...

Poliqon xəbər verir ki, iclas Komitənin internet saytında yayımlanıb.

Sənədi doqquz qanunverici dəstəkləyib, dördü əleyhinə çıxıb. Respublikaçıların təşəbbüsü ilə təqdim edilən qanun layihəsinin mətnində vurğulanır ki, konqresmenlər “ABŞ prezidenti Co Bayden administrasiyasının bəzi silahların İsrailə təhvil verilməsini dayandırmaq qərarını pisləyirlər. Qeyd olunur ki, Ağ Evin sahibi bunu Konqreslə məsləhətləşmədən edib. Sənədə əsasən, Vaşinqton administrasiyası İsrailə əvvəllər təsdiq edilmiş silah təhvilini dərhal təmin etməlidir.

Qanun layihəsi büdcə vəsaitlərinin İsrailə hərbi yardımın ötürülməsinin dayandırılması ilə bağlı məqsədlər üçün istifadəsinə, habelə Pentaqon və Dövlət Departamentinin silah verilməsinə mane olan əməkdaşlarına maaşların ödənilməsinə qadağa qoyur.

Nümayəndələr Palatası tezliklə bu qanun layihəsini qəbul edə bilər. Amerika mətbuatının məlumatına görə, sənədin ABŞ Konqresinin Senatından dəstək alacağı ehtimalı azdır. Ağ Ev bildirib ki, Konqres tərəfindən təsdiqlənərsə, Bayden qanun layihəsinə veto qoyacaq.

Qeyd edək ki, Bayden mayın 8-də CNN telekanalına müsahibəsində bildirib ki, Qəzza zolağının Rəfah şəhərində böyük hərbi əməliyyat keçiriləcəyi təqdirdə ABŞ İsrailə silah tədarükünü dayandıracaq. Həmin gün ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, Vaşinqton Rəfah ətrafındakı vəziyyətlə əlaqədar İsrailə qısamüddətli hərbi yardımın bəzi növlərini nəzərdən keçirir. Onun açıqlamalarından belə çıxır ki, xüsusən də yüksək güclü bombaların tədarükü müvəqqəti olaraq dayandırılıb. Mayın 10-da Ağ Ev aydınlaşdırıb ki, söhbət İsrailə mərmi tədarükünün dayandırılmasından yox, fasilədən gedir. Dövlət Departamentindən qeyd edilib ki, İsrailə yalnız bir döyüş sursatı göndərilməsi dayandırılsa da, digər hərbi təchizatlara da yenidən baxılır.

Poliqon.info