ABŞ Ukraynaya daha bir “Patriot” sistemi göndərir

Baydenin administrasiyası Ukraynaya daha bir “Patriot” hava hücumundan müdafiə sistemi göndərə bilər...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi mənbələrə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, ABŞ Kiyevin hava hücumundan müdafiə sistemlərinə ehtiyacını anlayaraq, radarları olan bir “Patriot” batareyası göndərmək istəyir. Agentlik yazır ki, avropalı müttəfiqlər də əlavə hava hücumundan müdafiə sistemləri göndərmək planları üzərində işləyirlər, lakin onların sayı dəqiqləşdirilməyib.

Bloomberg-in məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə Xarkov vilayətinin müdafiəsini gücləndirmək üçün iki “Patriot” sistemi istəyib. Ukrayna lideri həmçinin qeyd edib ki, hava hücumundan müdafiə sistemləri və vasitələri Ukrayna Silahlı Qüvvələri üçün ən böyük çatışmazlıqdır.

Qeyd edək ki, mayın 14-də Blinken Ukrayna prezidenti ilə döyüş meydanındakı vəziyyəti və Vaşinqtonun yeni yardım paketinin təsirini müzakirə etmək üçün qəfildən Kiyevə gəlib. Dövlət katibi cəbhədəki vəziyyəti və ABŞ-ın təchizatını müzakirə etməklə yanaşı, Vaşinqtonun münaqişədə Kiyevə yardımı davam etdirmək öhdəliyini bir daha təkrarlayıb.

Poliqon.info