Misir Rəfaha görə İsraillə diplomatik əlaqələrin səviyyəsini aşağı sala bilər

Misir İsraillə diplomatik münasibətlərin səviyyəsini aşağı salmağı, həmçinin yəhudi dövlətini soyqırımda ittiham edən beynəlxalq məhkəmə işinə qoşulmağı düşünür...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri Misir rəsmilərinə istinadən yazır.

Nəşrin yazdığına görə, İsrail ordusunun Misirlə sərhəddə Qəzza tərəfindəki nəzarət-buraxılış məntəqəsini ələ keçirdiyi Rəfahda hərbi əməliyyatın başlanması barədə cəmi bir neçə saat ərzində Misiri xəbərdar etdikdən sonra ölkələr arasında münaqişənin kəskinləşməsi daha da artıb.

Misir rəsmiləri bildiriblər ki, Qüds Qahirəni mühasirəyə alınmış anklavlara humanitar yardımın çatdırılması üçün əsas məntəqə olan nəzarət-buraxılış məntəqəsinin zədələnməyəcəyinə və oradakı fələstinlilərə ərazini təhlükəsiz şəkildə boşaltmaları üçün lazımi vaxt veriləcəyinə əmin edib. Misir rəsmilərindən birinin sözlərinə görə, bu təminatların heç biri gerçəkləşməyib. Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahunun dediyi kimi, HƏMAS tərəfindən qaçaqmalçılığın qarşısını almaq üçün Rəfah keçid məntəqəsinə nəzarətin yaradılması zəruri idi.

Bundan əlavə, qəzet qeyd edir ki, Misir Rəfah keçid məntəqəsinin İsrail ordusunun nəzarətində olduğu halda Qəzza zolağı ilə sərhədi açmaqdan imtina edib. Misirli rəsmilərdən biri deyib ki, İsrail qüvvələri nəzarət-buraxılış məntəqəsində qaldığı müddətcə Misir Rəfaha bir dənə də olsun yük maşını göndərməyəcək.

Mayın 12-də Misir Xarici İşlər Nazirliyinin Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı iddiaya qoşulmağa qərar verdiyi bildirilib. Misir yəhudi dövlətini Beynəlxalq Məhkəmənin qərarlarına əməl etməyə çağırıb. XİN Qəzzada eskalasiyanın artması və İsrailin fələstinlilərə qarşı təcavüzünün güclənməsi səbəbindən belə bir addım atmağa məcbur olduqlarını qeyd edib.

Mayın 10-da BMT Baş Assambleyası BMT Təhlükəsizlik Şurasına Fələstinin təşkilata tamhüquqlu üzv qəbul edilməsi məsələsinə baxmağı tövsiyə edən qətnamə layihəsini razılaşdırıb. Əksər ölkələr lehinə səs verdi. Vaşinqton BMT Təhlükəsizlik Şurasının atəşkəslə bağlı qətnaməsinə veto qoyub və israilliləri dəstəkləyib.

Poliqon.info