Konqres kosmosda nüvə partlayışından narahatdır...

ABŞ Konqresi Pentaqondan kosmosda baş verə biləcək nüvə partlayışı ilə bağlı hesabat tələb edib...

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin Müdafiə Nazirliyindən Rusiyadan gələn təhlükə ilə əlaqədar kosmosda nüvə partlayışının mümkün nəticələri barədə hesabat təqdim etməyi xahiş edib.

Poliqon xəbər verir ki, bu barədə məlumat ABŞ Konresinin saytında yer alıb. Hesabat 2025-ci ilin fevral ayının sonuna qədər Konqresə təqdim edilməlidir.

“Müdafiə naziri Nüvə Təhlükəsizliyi Administratoru ilə razılaşdırılaraq, 28 fevral 2025-ci il tarixindən gec olmayaraq Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinə kosmosda nüvə silahının partladılmasının nəticələrinə dair hesabat təqdim etməlidir”, deyə məlumatda bildirilir.

Büdcə Komitəsi qeyd edir ki, onlar Moskvanın kosmosda nüvə silahı yerləşdirməklə bağlı mümkün planlarına dair məlumatlardan narahatdırlar. Xatırladaq ki, ABŞ rəsmiləri daha əvvəl Rusiyanın nüvə enerjisi ilə işləyən kosmik peyk hazırladığını bildiriblər.

Fevralda ABŞ prezidentinin müşaviri Ceyk Sallivan bildirmişdi ki, Ağ Evdə Rusiya nüvə silahlarının kosmosda mümkün yerləşdirilməsi ilə bağlı iclas keçirilib. Kreml bu cür mesajları hiylə adlandırıb. Buna baxmayaraq, apreldə Rusiya BMT Təhlükəsizlik Şurasında bu cür silahların kosmosa yerləşdirilməməsinə dair qətnamə layihəsinə veto qoyub.

Poliqon.info