Bayden Rusiyadan ABŞ-a uran idxalını qadağan edən qanunu imzalayıb

ABŞ prezidenti Co Bayden Konqresdə Rusiyadan aşağı zənginləşdirilmiş uranın idxalını qadağan edən qanunu təsdiqləyib...

Poliqon xəbər verir ki, bu barədə məlumat Ağ Evin saytında dərc olunub.

Prezidentin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, qanun mülki nüvə enerjisində Rusiyadan asılılığı azaltmaqla ABŞ-ın enerji və iqtisadi təhlükəsizliyini gücləndirməyə kömək edəcək. Sallivan həmçinin qeyd edib ki, bu yaxınlarda təsdiq edilmiş 2,72 milyard dollarlıq maliyyə vəsaiti ABŞ-da yeni zənginləşdirmə potensialına təkan verəcək və sənayeyə nüvə sektorumuzda uzunmüddətli artıma sadiq olduğumuza dair aydın mesaj göndərəcək.

Qanun imzalandıqdan 90 gün sonra qüvvəyə minəcək. 2028-ci ilin yanvar ayına kimi ABŞ Energetika Nazirliyi başqa tədarük mənbələri olmadıqda Rusiyadan idxala icazə verə biləcək. Məhdudiyyət 2040-cı ilə qədər qüvvədə qalacaq. Nümayəndələr Palatası qanunu 2023-cü ilin dekabrında, Senat isə 2024-cü ilin mayında təsdiqləyib.

Qeyd edək ki, ilin əvvəlində ABŞ Yaponiya, Fransa, Böyük Britaniya və Kanada ilə birlikdə aşağı zənginləşdirilmiş uranın istehsalını qurmağı planlaşdırdığını açıqlamışdı. Rusiya Federasiyasından ABŞ-a tədarükün payı hazırda təxminən 20% təşkil edir.

Poliqon.info