Lavrovun nazir postuna namizədliyi bu gün müzakirə olunacaq

Mayın 13-də Federasiya Şurasının Beynəlxalq Komitəsi Sergey Lavrovun xarici işlər naziri vəzifəsinə namizədliyini müzakirə edəcək...

Poliqon xəbər verir ki, bu barədə Federasiya Şurasının telegram kanalında məlumat verilib.

Lavrovdan sonra Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar və Ədliyyə nazirliklərinin rəhbər vəzifələrinə namizədlərlə bağlı məsləhətləşmələrin aparılması üçün Müdafiə və Təhlükəsizlik Komitəsinin, Konstitusiya qanunvericilik və dövlət quruculuğu komitəsinin və digərlərinin iclasları keçiriləcək.

Parlamentin yuxarı palatasının rəsmi telegram kanalında qeyd olunur ki, Federasiya Şurası 2020-ci ildə Konstitusiyaya edilən dəyişiklik nəticəsində ona verilən səlahiyyətləri ilk dəfə olaraq tam şəkildə həyata keçirəcək.

Qeyd edək ki, mayın 12-də Rusiya prezidenti Vladimir Putin Sergey Şoyqunun yerinə Rusiya hökuməti sədrinin keçmiş birinci müavini Andrey Belousovun müdafiə naziri təyin edilməsini təklif edib. Belousov orduda xidmət etməyib, lakin son 12 ildə iqtisadiyyat naziri, prezidentin köməkçisi, baş nazirin birinci müavini vəzifələrində çalışıb.

Sergey Şoyqu prezidentin sərəncamı ilə Nikolay Patruşevin yerinə Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Poliqon.info