Rusiya ordusu Xarkov istiqamətində hücumu davam etdirir

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya qoşunlarının Xarkov vilayətində əldə etdiyi taktiki uğurları təsdiqləyib...

Poliqon xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının şərhinə görə, Xarkov istiqamətində Ukrayna qoşunları üçün vəziyyət çətin olaraq qalır. Məlumatda qeyd edilir ki, cəbhənin bir sıra istiqamətlərində, o cümlədən sərhədyanı Volçansk şəhərində Rusiya ordusunun hücumları davam edir.

“Xarkov istiqamətində əməliyyat vəziyyəti mürəkkəb olaraq qalır və dinamik inkişaf edir. Hazırda düşmənin taktiki uğuru var. Ukrayna Silahlı Qüvvələri vəziyyəti sabitləşdirmək üçün ehtiyat qüvvələri yerləşdirməyə davam edir”, deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Telegram kanalındakı mesajında deyilir.

Xarkov istiqamətində Rusiya qoşunlarının irəliləməsini Ukrayna prezidenti Vladimir Zelenski də təsdiq edib. Onun sözlərinə görə, Xarkov istiqamətində şiddətli döyüşlər gedir və hazırda “boz zonadan faktiki olaraq döyüş bölgəsinə çevrilmiş” kəndlər var. O cümlədən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Xarkov vilayətində vəziyyətin “əhəmiyyətli dərəcədə gərginləşdiyini” bəyan edib.

Ukrayna Müdafiə Nazirliyi ötən həftə Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətində hücumunun intensivləşdiyini açıqlayıb. Hazırda sərhəd yaşayış məntəqələrində təxliyyə aparılır.

Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Xarkov vilayətində bir neçə yaşayış məntəqəsini nəzarətə götürdüyünü iddia edir.

Poliqon.info