Almaniya ordusunun böyük hissəsi NATO komandanlığına keçəcək

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, 2025-ci ildən etibarən alman hərbi qulluqçularının əsas hissəsi Şimali Atlantika Alyansının (NATO) komandanlığı altına keçəcək...

Poliqon xəbər verir ki, nazir bu barədə ABŞ-ın Con Hopkins Universitetində çıxışında danışıb.

"Gələn ildən ordumuzun əksəriyyəti NATO komandanlığına keçəcək. Onlardan təxminən 35 mini iki ən yüksək hazırlıq səviyyəsinə malik olacaq", deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Berlin NATO-nun şərq cinahında müttəfiqlərin müdafiəsinə xüsusi diqqət yetirir, əhəmiyyətli resursları bütövlükdə alyansın təhlükəsizliyini təmin etməyə yönəldir.

Pistorius alman əsgərlərindən ibarət briqadanın Litvada yerləşdirilməsini xatırladıb və bunu Almaniya tarixində görünməmiş hadisə adlandırıb.

Nazir əlavə edib ki, Almaniya müttəfiqləri ilə birlikdə Rusiya hərbçilərinin müttəfiq dövlətlərin ərazisində qalacağı təqdirdə hər qarışını qorumaq niyyəti barədə Moskvaya aydın siqnal göndərir.

Qeyd edək ki, mayın 6-da Latviyada Baltikyanı ölkələrin hökumət başçıları ilə görüşdə Almaniya kansleri Olaf Şolts bildirib ki, lazım gələrsə, təxminən 35 min alman əsgəri müttəfiqlərin köməyinə getməyə hazırdır. Onun sözlərinə görə, almanlar Şimal-Şərqi və Mərkəzi Avropanı qorumaq məqsədi daşıyacaqlar. Almaniya NATO ərazisinin hər "kvadrat santimetrini" müdafiə etmək əzmindədir və Baltikyanı ölkələrdə vəziyyət gərgin olaraq qalır. Kanslerin sözlərinə görə, alyans "şərq cəbhəsini" gücləndirməlidir.

Litvada aprelin 23-də Almaniya ordusunun "Grand Quadriga 2024" adlı genişmiqyaslı təlimləri başlayıb. Manevrlərə 3 mindən çox Bundesver əsgəri və 200 hərbi texnika, o cümlədən "Leopard" tankları, "Puma" və "Boxer" piyada döyüş maşınları cəlb olunub.

Poliqon.info