İlin əvvəlindən bloklanan Rusiya aktivlərindən 1,6 milyard avro gəlir əldə edilib

Birinci rübdə Avropa depozit qurumu “Euroclear” dondurulmuş Rusiya hesablarında saxlanılan 200 milyard avrodan 1,6 milyard avro faiz qazanıb...

Poliqon xəbər verir ki, bu barədə depozitarın baş direktoru Valeri Urben “L'Echo” qəzetinə müsahibəsində bildirib.

Baş direktorun sözlərinə görə, Rusiya aktivlərini idarə etmək çətindir və bununla bağlı 100-dən çox depozitar işçi çalışır. Urben qeyd edib ki, təşkilat həmçinin “Euroclear”ın maliyyə infrastrukturu rolunun bir hissəsinə çevrilmiş yeni sanksiyalara və əks-sanksiyalara daim cavab vermək məcburiyyətindədir.

“Rusiya məhkəmələrində 100-dən çox işimiz var. Bu prosedurlar yerli investorlar və pullarını tələb edən Rusiya institusional investorları tərəfindən başlanıb. Bir sıra hüquq firmaları özümüzü müdafiə etməyimizə kömək edir. Bu işlərdə qalib gələcəyimiz ehtimalı olduqca aşağıdır. Amma biz mübarizəmizi davam etdiririk”, deyə xanım Urben əlavə edib.

Qeyd edək ki, dünən, mayın 7-də Almaniya kansleri Olaf Şolts bəyan edib ki, Avropa İttifaqı ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı konsensus əldə ediblər. Kanslerin sözlərinə görə, Aİ üzvləri bütün mənfəətin 90%-ni Ukraynanın hərbi ehtiyaclarına göndərməyə razıdırlar. “Euroclear” rəhbərliyi həmin gün Almaniya kanslerinin açıqlamasına aydınlıq gətirərək bildirib ki, qurum Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı bir neçə həftədən sonra qərar qəbul edəcək.

Poliqon.info