NATO Ukraynadakı münaqişəyə müdaxilədən imtinanı təsdiqləyəcək

İyul sammitində NATO ölkələri Ukrayna münaqişəsinə yeni yanaşmanı təsdiqləyə bilər...

Poliqon xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti sənəd layihəsinə istinadən məlumat yayıb. Nəşr yazır ki, alyans Ukraynaya hərbi yardımın koordinasiyasını öz üzərinə götürəcək, eyni zamanda silahlı münaqişəyə birbaşa müdaxilədən imtina edən bəyannamə imzalayacaq.

“Corriere della Sera” qeyd edir ki, NATO sammitində daha bir mühüm məsələ öz həllini tapacaq. Ukraynaya yardım üçün “Ramşteyn Qrupu” Pentaqon rəhbəri Lloyd Ostinin kurasiyasından alınaraq NATO-nun Brüsseldəki mənzil-qərargahına köçürüləcək.

Qeyd edək ki, fevral ayında Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun yeritmək imkanını istisna etməyib. Fransa prezidenti daha sonra fikrini belə izah edib ki, bu, yalnız Ukrayna hakimiyyətinin tələbi ilə baş verəcək. Bu bəyanatdan sonra Kiyevin bir sıra müttəfiqləri, o cümlədən Almaniya, ABŞ və Polşa Ukraynaya qoşun göndərmək planının olmadığını bildiriblər.

Xatırladaq ki, NATO sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.

Poliqon.info