Aİ iyul ayına qədər Rusiyaya qarşı 14-cü sanksiyalar paketini razılaşdırmalıdırlar

Avropa İttifaqı ölkələri yaxın aylarda Rusiyaya qarşı yeni 14-cü sanksiyalar paketini təsdiq etməyi planlaşdırır. Bu, qərar iyuldan əvvəl verilməlidir...

Poliqon xəbər verir ki, bu məlumatı mayın 8-də “Euobserver” portalı yayıb. Yeni anti-Rusiya sanksiyalar paketinə 52 şirkət daxil olacaq.

Portalın yazdığına görə, Rusiyaya ixrac olunması qadağan olunmuş məhsulların tədarükündə şübhəli bilinən 52 rus və xarici şirkət yeni məhdudiyyətlərə məruz qalacaq. Söhbət xüsusilə dron komponentlərindən gedir.

Nəşr vurğulayır ki, yeni sanksiyalar paketi Rusiya diplomatlarının Avropa İttifaqında hərəkət azadlığına təsir göstərmir. Həmçinin Rusiyanın mayeləşdirilmiş təbii qazının, nüvə yanacağının və alüminiumun Aİ-yə idxalına yeni sanksiya paketi məhdudiyyətlər qoymur.

Qeyd edək ki, Avropa Komissiyasının Rusiyaya qarşı sanksiyaların 14-cü paketi layihəsini hazırlayıb Aİ ölkələrinin müzakirəsinə təqdim etməsi mayın əvvəlində məlum olub. Xarici KİV-in məlumatına görə, Aİ Rusiya Mərkəzi Bankı tərəfindən hazırlanmış Rusiya maliyyə mesajlaşma sistemindən (SPFS) istifadəyə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Yeni anti-Rusiya sanksiyalar paketinə həmçinin Rusiya heliumunun idxalına qadağa, manqan filizinin Rusiyaya ixracına məhdudiyyətlərin sərtləşdirilməsi və digər məhdudiyyətlər daxil ola bilər.

Poliqon.info