ABŞ "Kreml qanunu" ilə bağlı Gürcüstana xəbərdarlıq edib

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O'Brayen deyib ki, o, gürcü parlamentariləri ilə Vaşinqton və Tiflis arasındakı münasibətlər, habelə "Kremldən ilhamlanan" xarici agentlər haqqında qanunun nəticələri barədə vacib söhbət edib...

Poliqon xəbər verir ki, bu barədə The Guardian nəşri Cim O'Brayenin sosial şəbəkələrinə istinadən yazıb.

"Gürcüstan deputatları ilə ikitərəfli münasibətlərimiz, o cümlədən Kremldən ilhamlanmış xarici təsir haqqında qanun layihəsi və onun Gürcüstanın Avropa istəklərinə mənfi təsiri ilə bağlı güclü narahatlığımız haqqında mühüm söhbət etdim", deyə O’Brayen yazıb.

Aprelin 30-da Tiflisdə Gürcüstan parlamentinin binası yaxınlığında xarici agentlər haqqında qanuna qarşı növbəti mitinq başlayıb. Günortadan sonra gürcü deputatlar xarici agentlər haqqında qanuna ikinci oxunuşda baxmağa başlayıblar. Qanunvericilər çox vaxt aparan sənədin maddə-maddə müzakirəsini aparmaq niyyətindədirlər. Bununla bağlı iclas növbəti gün də davam edə bilər.

Ötən gün polislə aksiya iştirakçıları arasında toqquşmalar baş verib. Müxalifət liderləri və sıravi aksiya iştirakçıları zorakılığa məruz qalıb, çox sayda həbs olunan və yaralanan var.

Poliqon.info