Qırmızı dənizdə husilərin hücumu dəf edilib

ABŞ ordusu husilərin Qırmızı dənizdə Amerikanın “USS Philippine Sea” və “USS Laboon” gəmilərinə doğru atdığı PUA-nı məhv edib...

Poliqon xəbər verir ki. bu barədə Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

CENTCOM-un verdiyi məlumata görə, husilər həmçinin Malta bayrağı altında üzən Yunanıstanın “Cyclades” gəmisinə üç ballistik raket və üç PUA atıblar. Gəmi və ekipaj üzvləri xəsarət almayıb.

Yəmənin “Ənsar Allah” hərəkatının hərbi nümayəndəsi Yəhya Sariya bildirib ki, husilər Qırmızı dənizdə iki Amerika esminesinə, həmçinin “Cyclades” və “MSC Orion” gəmilərinə hücum ediblər.

Qeyd edək ki, 2023-cü ilin noyabrında husi qruplaşmasının nəzarətində olan Yəmən silahlıları Qırmızı dənizdə istənilən İsrail gəmisinə hücum etmək niyyətində olduqlarını açıqlayıblar. Husilər hərəkətlərini İsraillə müharibədə Fələstinin HƏMAS hərəkatına dəstək verməklə izah ediblər.

Poliqon.info