ABŞ İsrailə İrana cavab vermək üçün üç variant təklif edib

ABŞ kəşfiyyatı İsrailə İranın 13 aprel hücumuna cavab vermək üçün üç variant təklif edib. Bu sırada kütləvi, dağıdıcı zərbə endirmək də var...

Poliqon xəbər verir ki, bu barədə amerikalı jurnalist və Pulitzer mükafatı laureatı Seymur Herş öz "Substack" bloqunda mənbələrə istinadən məlumat verib.

İsrail mənbələrinin bildirdiyinə görə, yəhudi dövlətinə təklif olunan ilk cavab variantı "vəziyyəti gərginləşdirəcək və İsrailin dünyadakı mövqeyini daha da pisləşdirəcək kütləvi dağıdıcı zərbə" olub.

İkinci variant, əgər İsrail həqiqətən də "İranın nüvə bombası varsa və ya bomba hazırlamaq üzrədir" deyə inanırsa, İsfahan əyalətindəki Natanz nüvə obyektini məhv etməklə, "İsrail və dünya üçün ən böyük təhlükəyə qarşı məhdud zərbə" olub.

İsrail hakimiyyəti İslam Respublikasında belə bir bombanın olmadığını bildiyindən, üçüncü variantı seçib - Natanz kompleksinin hədəf olmadığı "qabaqlayıcı zərbə".

İran mediası aprelin 19-na keçən gecə İsfahan vilayəti səmasında üç pilotsuz təyyarənin vurulduğunu bildirib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan "vurulan kvadrokopterlərin heç bir zərər görmədiyini" deyib.

İsrail rəsmi olaraq İranın onun ərazisinə böyük zərbə endirməsindən 6 gün sonra baş verən basqına görə məsuliyyəti öz üzərinə götürməyib. Eyni zamanda, "The Washington Post" qəzetinə müsahibəsində yəhudi dövlətinin adı açıqlanmayan nümayəndəsi İsrailin İrandakı hədəflərə zərbə endirmək qabiliyyətini göstərmək üçün bu aksiyanı həyata keçirdiyini təsdiqləyib.

Poliqon.info