Sallivan: ABŞ Ukraynanı ATACMS uzaqmənzilli raketlərlə təchiz edib...

Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan çərşənbə günü təsdiqləyib ki, Birləşmiş Ştatlar son həftələrdə Ukraynanı gizli şəkildə ATACMS uzaqmənzilli raketlərlə təchiz edib...

Poliqon “Amerikanın Səsi” radiostansiyasına istinadən xəbər verir ki, bu şərh ABŞ administrasiyasındakı mənbənin 300 km-ə qədər mənzilli ATACMS raketlərinin prezident Co Baydenin martın 12-də təsdiqlədiyi Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketinə daxil edildiyini və keçən həftə Ukraynada ilk dəfə onların tətbiq etdiyi barədə məlumat yayıldıqdan sonra verilib.

Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, Ukrayna ATACMS raketlərindən ilk dəfə aprelin 17-də Krımda Rusiya hərbi aerodromunu atəşə tutaraq istifadə edib.

Sallivan jurnalistlər üçün keçirdiyi brifinqdə Ukraynaya “əhəmiyyətli sayda” raket göndərildiyini təsdiqləyib və daha çoxunun göndəriləcəyini bildirib. ABŞ prezidentinin müşaviri qeyd edib ki, ATACMS raketləri çərşənbə günü prezident Co Bayden tərəfindən təsdiqlənmiş Ukrayna üçün 1 milyard dollarlıq silah paketinə daxil edilib.

Sallivan bildirib ki, Ukrayna bu silahlardan yalnız öz sərhədləri çərçivəsində istifadə edəcəyinə söz verib.

Qeyd edilir ki, Pentaqon ABŞ arsenalından raketlərin ötürülməsinin ABŞ ordusunun döyüş hazırlığına zərər verəcəyindən ehtiyat edərək əvvəlcə uzaqmənzilli raketlərin tədarükünə qarşı çıxıb. Ukraynanın Rusiya daxilindəki hədəflərə hücum etmək üçün onlardan istifadə edəcəyi ilə bağlı narahatlıqlar da var idi.

ABŞ administrasiyasındakı mənbə bildirib ki, Rusiyanın dekabr və yanvar aylarında Şimali Koreyanın Ukraynaya qarşı tədarük etdiyi uzaqmənzilli ballistik raketlərdən istifadə etməsi, ABŞ-ın fikrini dəyişməsinə səbəb olub.

Poliqon.info