Milyondan çox argentinalı Mileyin islahatına etiraz edib

Argentinada universitet təhsili sahəsində islahatlara qarşı kütləvi etiraz aksiyaları keçirilib...

Poliqon xəbər verir ki, bu barədə yerli “Pgina 12” nəşrinin məlumatında bildirilir. Təşkilatçıların sözlərinə görə, ölkə üzrə keçirilən mitinqlərdə bir milyondan çox insan iştirak edib. 800 min nəfər paytaxtda etiraz aksiyasına çıxıb.

Argentina Universitet Müəllimləri Federasiyasının baş katibi Karlos de Feo, Buenos-Ayresdəki mitinqdə çıxış edərək, “Bu gün bu meydanda 800 min argentinalı və bütün ölkə üzrə Dövlət Universitetimizlə fəxr edən bir milyondan çox insan var”, deyib.

Nəşr qeyd edir ki, ölkənin hər yerində kütləvi nümayişlər keçirilib. Onları 57 dövlət universitetinin və bir neçə həmkarlar ittifaqının nümayəndələri təşkil edib. Etirazçılar ölkə prezidenti Xavyer Mileyin təşviq etdiyi təhsil sisteminə dövlət tərəfindən ayrılan vəsaitin kəsilməsinə etiraz ediblər.

Qeyd edək ki, 10 dekabr 2023-cü ildə prezident fəaliyyətinə başlayan Argentina prezidenti Xavyer Miley hökumətin minimal müdaxiləsini müdafiə edir. O, iqtisadiyyatda şok tədbirlərinə ehtiyac olduğunu bəyan edib. Siyasətçi həmçinin inflyasiya ilə mübarizə və iqtisadiyyatı dollarlaşdırmaq üçün Argentina Mərkəzi Bankının ləğv edilməsinin tərəfdarı olduğunu bildirib.

Poliqon.info