ABŞ Senatı Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib

ABŞ Senatı Nümayəndələr Palatasının ardınca Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib...

Poliqon xəbər verir ki, C-SPAN tərəfindən yayımlanan iclasda 79 senator layihənin lehinə, 18-i isə əleyhinə səs verib.

Bir gün əvvəl Ukrayna, İsrail və Tayvana yardım göstərilməsi üçün tədbirlər paketi Senatda 80 senatorun dəstəyi ilə prosedur səsverməsindən keçib. Senatorların qanun layihəsini müzakirə etmək üçün 30 saat vaxtı vardı, lakin onlar yekun səsverməni daha əvvəl keçirmək qərarına gəliblər.

2023-cü ilin oktyabrından qəbul oluna bilməyən Ukraynaya yardım haqqında qanun layihəsində 61 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulur ki, bunun da 20 milyard dollardan çoxu Amerika ehtiyatlarının artırılmasına, 14 milyard dolları isə silahların alınmasına xərclənəcək. Nümayəndələr Palatası qanun layihəsini aprelin 20-də təsdiqləyib. Reuters xəbər verir ki, ABŞ hakimiyyəti artıq Ukraynaya 1 milyard dollar dəyərində yeni yardım paketi hazırlayır.

Tədbirlər paketinə həmçinin İsrail üçün 26 milyard dollar, o cümlədən 9,1 milyard dollar humanitar ehtiyaclar, 8,12 milyard dollar Hind-Sakit okean regionu daxildir.

Bundan əlavə, təşəbbüsdə Rusiya aktivlərinin müsadirəsi, Rusiya, Çin, İrana qarşı yeni məhdudiyyətlərin tətbiqi mümkünlüyü və TikTok sosial şəbəkəsinə qadağa qoyulması ilə bağlı müddəalar var.

Poliqon.info