Komitə sədri İŞİD tərkibindəki azərbaycanlılardan danışıb

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mesaad İbrahim Al-Sulaimlə görüşüb.
Pia.az Komitənin rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı səfir Mesaad İbrahim Al-Sulaim Azərbaycanda dinlərarası və məzhəblərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib. Dini radikalizm meyllərinin getdikcə daha çox gücləndiyi müasir dünyamızda ekstremist qruplara qarşı birgə mübarizə və təcrübə mübadiləsinin zəruriliyini nəzərə çatdırıb. Mübariz Qurbanlı isə ilk növbədə, bu ilki Həcc ziyarətinin müvəffəqiyyətli təşkilinə, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Səudiyyə Ərəbistanı hökumətinə minnətdarlığını bildirib. Radikal və ekstremist qrupların İslamla heç bir əlaqəsinin olmadığını qeyd edən sədr hazırda İslam ölkələri arasında belə qruplaşmalara ən az azərbaycanlıların qoşulduğunu bildirib. M.Qurbanlı dini maarifləndirmənin gücləndirilməsi, radikal qrupların gəlir mənbələrinin qarşısının alınması və onlara qarşı sərt hüquqi-inzibati tədbirlərin görülməsinin radikalizmlə mübarizənin mühüm elementləri olduğuna diqqət çəkib. Görüşdə həmçinin, gələcək qarşılıqlı əməkdaşlığın və birgə layihələrin perspektivləri müzakirə edilib. Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.