İspaniya yaxın həftələrdə Fələstin dövlətini tanıyacaq

İspaniya hökuməti digər Avropa İttifaqı (Aİ) ölkələrinin bu addıma qoşulub-qoşulmamasından asılı olmayaraq, yaxın bir neçə həftə ərzində Fələstin dövlətini tanımaq niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə EFE agentliyi mənbələrə istinadən yazıb.

İspaniyanın baş naziri Pedro Sançes bundan əvvəl Brüsseldə Avropa liderləri ilə Yaxın Şərqdəki vəziyyəti təhlil etmək, Madridin mövqeyini izah etmək və hərəkətləri əlaqələndirmək üçün bir neçə ikitərəfli görüşlər keçirib.

Agentliyin mənbələrinə görə, Avropa İttifaqının digər ölkələrinin də İspaniyanın Fələstin dövlətinin tanınması ilə bağlı mövqeyinə qoşulub-qoşulmamasından asılı olmayaraq, İspaniya hökuməti artıq siyasi qərar qəbul edib və bu cəsarətli addımı atacaq.

Bundan əvvəl Sançes bildirmişdi ki, Avropa İttifaqında blok ölkələrinin Fələstini tanımağa hazır olduğuna dair aydın işarələr var.

Fələstin 2012-ci ilin noyabrından BMT-də müşahidəçi dövlətdir. 2019-cu ilə olan məlumata görə, onun müstəqilliyi BMT-yə üzv olan 193 dövlətdən 138-i tərəfindən tanınıb.

Poliqon.info