İtaliya İsraili Qəzzada hərbi əməliyyatları dayandırmağa çağırıb

İtaliyanın xarici işlər naziri Antonio Tajani İsraili Qəzza zolağında hərbi əməliyyatları dayandırmağa çağırıb...

Poliqon xəbər verir ki, bu barədə "France24" telekanalı məlumat yayıb.

"İtaliyanın xarici işlər naziri Antonio Tajani Kapri adasında keçiriləcək G7 qrupunun nazirlərinin görüşü ərəfəsində İsraili Qəzzada hərbi əməliyyatları dayandırmağa çağırıb", deyə məlumatda qeyd edilir.

Hazırda G7-yə sədrlik edən İtaliya oktyabrın 7-də HƏMAS hücumundan sonra İsrailin hərəkətlərini əvvəlcə dəstəkləyib. Lakin bu yaxınlarda minlərlə mülki vətəndaşın həlak olması ilə bağlı xəbərlər fonunda ölkə hərbi əməliyyata dəstəyini azaldıb.

"İsrail Fələstin əhalisinə böyük zərər vuran hərbi əməliyyatları dayandırmalıdır", deyə Tajani deyib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailə hücum edərək 1200-ə yaxın insanı öldürüb, 250-yə yaxın girov götürüb, onlardan 100-dən çoxu hələ də əsirlikdədir. Həmin vaxtdan Qəzzada qanlı müharibə davam edir.

HƏMAS-ın idarə etdiyi ərazidəki Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzaya hərbi hücumu zamanı ən azı 33 843 fələstinli ölüb, 76 575 nəfər isə yaralanıb.

BMT çərşənbə axşamı günü 3 milyon fələstinliyə son dərəcə ehtiyac duyulan yardım göstərmək üçün 2,8 milyard dollar istəyib və vurğulayıb ki, müharibədən əziyyət çəkən Qəzzada yaxınlaşan aclıqla mübarizə təkcə qida deyil, həm də kanalizasiya, su və sağlamlıq obyektləri tələb edir.

Poliqon.info